Xarici işlər nazirinin müavini Avstriya və Slovakiyaya səfər edəcək

Xarici işlər nazirinin müavini Avstriya və Slovakiyaya səfər edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iyunun 4-7-də Avstriya və Slovakiyaya səfər edəcək. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərlər zamanı bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfər Slovakiyadan başlayacaq. Bu ölkə XİN-də dövlət katibi Piter Buryan ilə görüş və Azərbaycanın Slovakiyadakı Fəxri Konsulluğuna səfər planlaşdırılır. X.Xələfovun slovakiyalı deputatlarla da görüş istisna olunmur.

İyunun 5-də isə X.Xələfov Avstriya parlamentində görüşlər keçirəcək, eyni zamanda Avstriya xarici işlər nazirinin müavini Yohannes Kirle ilə işçi naharı olacaq. Avstriya Daxili İşlər Nazirliyində də görüş planlaşdırılır.

Avstriyaya səfər çərçivəsində müzakirə olunacaq məsələlər arasında yüksək səviyyəli səfərlərin keçirilməsi, siyasi ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, regionda vəziyyət, Yaxın Şərqdə cərəyan edən proseslər, iki ölkə arasında hüquqi bazanın möhkəmləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı, xüsusilə dostluq qrupunun yaradılması, Slovakiyada isə ikitərəfli siyasi məsələlərin inkişafı, yüksək səviyyəli səfərlərin təşkili, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, parlamentlərarası münasibətlərin gücləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə