Prezident İlham Əliyev yeni dövlət şirkətinin yaradılması haqqında Fərman imzalayıb

Azərbaycan prezidenti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında Fərman imzalayıb. SİA-nın məlumatına görə, yeni dövlət şirkəti Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılacaq.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən dövlətə məxsus şirkətdir. Fərmanın üçüncü bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Fərmanla Nazirlər Kabinetinə Şirkətin Nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində müəyyən etmək, şirkətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Fərmanda Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə Şirkətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görmək tapşırılıb. Prezidentin digər sərəncamı ilə Akim Bədəl oğlu Bədəlov Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə