Elmar Məmmədyarov BƏƏ-nin İqtisadiyyat nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov BƏƏ-nin İqtisadiyyat nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin müavini Məhəmməd Əhməd bin Əbdul Əziz Al Sihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, BƏƏ İqtisadiyyat nazirinin müavini M. Al Sihhi ölkəmiz üçün belə əlamətdar bir vaxtda Azərbaycanda olmasından məmnunluq hissi keçirdiyini bildirib və Eurovision Mahnı Müsabiqəsinin bu cür möhtəşəm keçirilməsi münasibəti ilə ölkəmizi təbrik edib. BƏƏ ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin hal-hazırda ən yüksək səviyyədə olduğunu qeyd edən Nazir müavini BƏƏ şirkətlərinin ölkəmizdə uğurlu layihələr həyata keçirdiyini və gələcəkdə ölkəsinin Azərbaycanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirin. O, yaxın zamanlarda Azərbaycanda yaradılması planlaşdırılan BƏƏ Ticarət və Sənaye Palatasının Nümayəndəliyinin bu işdə böyük rol oynayacağından əminliyini vurğulayıb.

Öz növbəsində qonaqları salamlayan Nazir E. Məmmədyarov bu marağın qarşılıqlı olduğunu bildirib, əlaqələrin daha da dərinləşməsi üçün konkret layihələrin həyata keçirilməsinin vacibliyi fikrini bölüşdüyünü qeyd edib. Azərbaycanın çoxşaxəli enerji strategiyası haqqında nümayəndə heyətinə məlumat verən Nazir, iki ölkə arasında iqtisadi əlaqələrin yalnız neft sahəsində deyil, həmçinin qeyri-neft sektorunda da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə