Qənirə Paşayeva Gürcüstanda Şuşa və Laçının işğalının 20-ci ildönümü ilə bağlı tədbirlərdə çıxış edib -FOTO

Qənirə Paşayeva Gürcüstanda Şuşa və Laçının işğalının 20-ci ildönümü ilə bağlı tədbirlərdə çıxış edib -FOTO

Gürcüstanın Marneuli şəhərində "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şuşanın və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə hazırlanan "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa "filminin və Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu "Əlli dörd gün erməni mühasirəsində" kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Milli Məclisin üzvü Gülər Əhmədova, Gürcüstan parlamentinin deputatı Azər Suleymanov, gürcü ziyalıları, KİV nümayəndələri və gənclər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov qonaqları salamlayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın tarixi və işğalı barədə danışıb.

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB sədri Qənirə Paşayeva ilk öncə Azərbaycanın ərazi bütövlüyü naminə vuruşub şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə davamlı işlərin görüldüyünü bildirib.

O qeyd etdi ki, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin xətti ilə Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Şuşa ilə bağlı bir layihə həyata keçirilib. Digər bir layihə isə Laçınla bağlıdır. Əsas məqsəd Gürcüstanda yaşayan azərbaycanlı gənclərə və gürcü ictimaiyyətinə Azərbaycan həqiqətlərini, ələxsus da Şuşada törədilən vandalizm aktlarını çatdırıb göstərməkdir: "Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, Şuşa nəinki Azərbaycana, bütün Şərq dünyasına əvəzolunmaz mədəniyyət nümunələri bəxş edib. Şəhərdə olan mədəniyyət abidələri, məscidləri, qəbiristanlıqları dağıdan işğalçı Ermənistan dövləti bununla bir çox beynəlxalq qanunları pozub. Buna isə dünya göz yumur". Bu məqsədlə Qənirə Paşayevanın baş məsləhətçiliyi ilə Şuşanın Ermənistan tərəfindən işğalı və orada törədilən vandalizm aktlarından bəhs edən "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" filmi çəkilib.

Q.Paşayeva bildirib: "Bu filmi biz hər yerdə yayımlamalıyıq, məktəbkərdə, ali təhsil ocaqlarında, ictimai təşkilatlarda, gənclərimizə və digər millətlərin nümayəndələrinə göstərməliyik ki, onlar gözləri ilə Ermənistanın Şuşada törətdiyi vəhşilikləri, vandalizm aktlarını görə bilsinlər".

Millət vəkili Qənirə Paşayeva "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə çapdan çıxan və tədbir çərçivəsində təqdimatı keçirilən Əli Əliyevin "Əlli dörd gün erməni mühasirəsində" kitabı haqqında da danışıb: "Bu kitab haqqında sizə ətraflı məlumatı müəllifin özü edəcək. Biz bu kitabı və filmi sizə təqdim etməklə arzu edirik ki, bu vasitələrdən siz bir silah kimi istifadə edə biləsiniz".

Sonda Qənirə Paşayeva nitqini bu sözlərlə yekunlaşdırıb:" Şəhidlərimizin ruhu yalnız torpaqlarımız erməni işğalından azad olduqdan sonra şad olacaq. Mən əminəm ki, o gün uzaqda deyil. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik".

Sonra çıxış edən millət vəkili Gülər Əhmədova qeyd edib ki, bu həqiqətlər ilk öncə gənclərə və yeniyetmələrə təbliğ olunmalıdır. Uşaqlara kiçik yaşlarından bildirilməlidir ki, bizim xalqa qarşı nə cür cinayətlər törədilib.

Tədbirdə çıxış edən Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, yerli ziyalılar da bu cür tədbirlərin keçirilməsinin çox əhəmiyyətli olduğunu qeyd ediblər.

Təqdimatda iştirak edən "Əlli dörd gün erməni mühasirəsində" kitabının müəllifi, Laçın rayonundan məcburi köçkün Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatından və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr haqqında ətraflı məlumatlar verib və kitabın ərsəyə gəlməsində millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib.

Tədbir çərçivəsində həmçinin ilk növbədə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin hazırladığı "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" filmi tədbir iştirakçılarına təqdim olunub. Azərbaycan, Qarabağ həqiqətlərinin Gürcüstanda daha geniş şəkildə yayılması məqsədilə filmin nüsxələri Gürcüstanın bir sıra təhsil ocaqlarına, QHT-nə və KİV-ə paylanılıb.

Eyni zamanda tədbir çərçivəsində "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə çapdan çıxan Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu "Əlli dörd gün erməni mühasirəsində" kitab tədbir iştirakçılarına və Gürcüstanın təhsil ocaqlarına, QHT-ə və KİV-ə təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə