Obyektlərin tikintisinə \"Vahid pəncərə\" prinsipi əsasında icazə veriləcək -YENİLƏNİB

Obyektlərin tikintisinə \"Vahid pəncərə\" prinsipi əsasında icazə veriləcək -YENİLƏNİB

Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması və qəbulu Azərbaycanda həyata keçirilən inzibati islahatların tərkib hissəsi kimi qəbul edilməlidir. SİA-nın verdiyi xəbərə görə, bu barədə məcəllənin ictimai dinləməsi zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.


Qeyd edək ki, ictimai dinləmə Amerika Ticarət Palatası, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Alman Beynəlxalq Əməkdaşlığı Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.


Əli Hüseynli bildirib ki, məcəllə ilkin variantda kifayət qədər mükəmməl hazırlanıb.


\"Məcəllə ikinci oxunuşa çıxarılmadan əvvəl əhəmiyyətli təkliflərin zəngin olacağına inanıram. Məcəllənin daha mükəmməl və işlək olması üçün əhəmiyyətli təkliflərdən yararlanmağa hazırıq\", - deyə komitə sədri qeyd edib.


Tədbirdə həmçinin Amerika Ticarət Palatasının məcəllənin təhlili ilə bağlı yaratdığı işçi qrupunun rəyi açıqlanıb. Rəydə qeyd olunub ki, şəhərsalma və tikinti sahələri arasında terminologiyada bəzi uyğunsuzluqlar var. Azərbaycanda bu iki sahə bir sənədlə tənzimlənir. Bu baxımdan da terminologiyada dəqiqləşmələr aparılmalıdır ki, məcəllənin tətbiq olunma mərhələsində problemlər yaranmasın. Rəydə eyni zamanda qeyd olunub ki, məcəllədə tikinti fəaliyyətinin sertifikatlaşması ilə bağlı müddəalar layihədə yer alsa da, təcrübədə bu, yoxdur.


İşçi qrup hesab edir ki, tikinti fəaliyyətinin sertifikatlaşması ilə bağlı normativ hüquqi aktlar qəbul olunmalıdır. Rəydə daha sonra qeyd olunur ki, məcəllənin məqsədi prosesi

sadələşdirmək və bu sahəyə vahid qayda gətirməkdir. Sadələşdirmə isə \"bir pəncərə\" sisteminin tətbiqi ilə mümkün olacaq.


Rəyə əsasən, hazırki layihədə tikinti və şəhərsalma sahəsində \"bir pəncərə\" sisteminin tətbiqi aydın olmalıdır.


Keçirilən dinləmədə məcəllənin layihəsinin hazırkı vəziyyəti və ona ikinci oxunuşdan əvvəl edilməsi planlaşdırılan əlavə və dəyişikliklər müzakirə olunub. Tədbirdə layihə üzərində çalışan işçi qrupunun rəhbəri, Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov çıxış edib.


S. Kərimov bildirib ki, layihədə ərazi planlaşdırılması, şəhərsalma sənədlərinin tərtib olunması, bu prosesin şəffaflığı, tikinti fəaliyyətinin şəhərsalma sənədlərinə uyğunluğunun təmin olunması, şəhərsalma və tikinti fəaliyyətində hərəkət imkanları məhdud olan, əlil insanların ümumi istifadə üçün nəzərdə tutulan obyektlərə çatım imkanlarının təmin olunması, tikinti obyektlərinin təhlükəsizliyinin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və tikinti fəaliyyəti zamanı nəzərə alınması, tikinti obyektlərinin tikintisinə icazə proseduru və digər məsələlər tənzimlənib. Tikintiyə icazə icraatında ictimai maraqları təmsil edən qurumların dinlənilməsi, tikinti fəaliyyətinin maraqlarına toxuna biləcəyi ehtimal olunan şəxslərin icraata cəlb edilib dinlənilməsi də nəzərdə tutulur.


Millət vəkili həmçinin qeyd edib ki, layihədə tikinti obyektlərinin tikintisinə icazə prosedurunun \"Vahid pəncərə\" prinsipi əsasında nizamlanması nəzərdə tutulur.


\"Layihədə bu fəaliyyətin konkret hansı quruma həvalə olunacağı müəyyən edilməyib. Məcəllənin qəbulundan sonra bu fəaliyyət prezidentin sərəncamı ilə konkret quruma həvalə olunacaq\", - deyə o qeyd edib.

Kərimov qeyd edib ki, tikintiyə icazə 3 parametr üzrə yoxlamalardan sonra veriləcək - təqdim olunan layihənin tikinti hüquq normalarına uyğun olması, maraqlı qurumların və şəxslərin dinlənilməsi və yekunda tikintiyə icazə ilə bağlı qərarın qəbulu.


Onun sözlərinə görə, fərdi yaşayış evləri ilə bağlı icazə icraatı deyil, məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulub.


\"Hündürlüyü 3 mərtəbədən, 12 metrdən artıq olmayan fərdi yaşayış evlərinə icazə deyil, məlumatlandırma icraatı tətbiq olunacaq. Bunun mahiyyəti ondan ibarətdir ki, şəxs tikinti niyyəti ilə bağlı tikinti obyektinin layihəsini qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən layihəçi tərəfindən layihələndirilməsini təmin etməlidir. Ondan sonra həmin fərdi yaşayış evinin tikintisi barədə müvafiq icra hakimiyyəti orqanına - tikintiyə icazə verən quruma məlumat verməli, layihəni təqdim etməlidir. Həmin qurum da bu layihə ilə bağlı 1 ay ərzində irad və təkliflərini bildirməzsə, şəxs heç bir icazə almadan tikintiyə başlaya bilər. Əgər tikintiyə icazə verən qurumun irad və təklifləri olarsa, şəxs onları mütləq nəzərə almalıdır. Bu irad və təkliflər də tikinti hüquq normalarına, şəhərsalmanın sənədlərinə əsaslanmalıdır\", - deyə MM rəsmisi qeyd edib.


Qeyd edək ki, S.Kərimov həmçinin Amerika Ticarət Palatasının rəyində əks olunan iradlara da münasibət bildirib. Onun sözlərinə görə, terminologiyada bəzi terminlər digər hüquq sahələrində müəyyən edilib. Bu səbəbdən də həmin terminlərin məcəllədə təkrarlanmasına ehtiyac yoxdur. Tikinti fəaliyyətinin sertifikatlaşmasına gəlincə isə, Kərimov bildirib ki, sertifikatlaşmanın qaydaları sonradan Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.


Tədbirdə iştirak edən millət vəkili Vahid Əhmədov isə çıxışında bildirib ki, tikinti və şəhərsalma haqqında qanunların ayrı-ayrılıqda qəbulunun tərəfdarıdır. Tikintidə ən ciddi problem qiymətqoyma problemidir. Bu problem açıq olaraq qalır.

\"Elə bir qurum, mütəxəssis yoxdur ki, bu işi görsün. İndi tikintilərin sökülməsi gedəndə qiymətqoyma siyasətinin olmaması problemlər yaradır. İstərdik ki, qiymətqoyma ilə bağlı məsələ məcəllədə konkret müddəalarla öz əksini tapsın. İnsanlar bilməlidir ki, torpağı alınarsa, evi sökülərsə, əmlakı hansı qiymətlərlə hesablanacaq. Azərbaycanda gedən tikinti prosesi insanlar üçün ciddi problemlər yaradır. Bu problemlər məcəllədə həllini tapmalıdır. Tikinti sahəsində yeni normativ sənədlər hazırlanmalı və qəbul olunmalıdır. Bu normativ baza olmasa, Məcəllənin işləməsi mümkün olmayacaq\", - deyə millət vəkili sözlərinə əlavə edib.


Tikintiyə nəzarət və onun istismara qəbuluna gəlincə isə, V. Əhmədov bildirib ki, indi bu funksiyanı FHN həyat keçirəcək. Özü tikintiyə icazə verəcək, tikintiyə nəzarət edəcək və tikintini də özü qəbul edəcək.


Qeyd edək ki, müzakirələrdə layihənin üstünlükləri və çatışmazlıqları da vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə