Nazir: “Bu gün Dağlıq Qarabağ məsələsində mövcud “status-kvo” nəinki qəbul edilməzdir, hətta təhlükəlidir” - MÜNASİBƏT
"Bu gün Dağlıq Qarabağ məsələsində mövcud "status-kvo" nəinki qəbul edilməzdir, hətta təhlükəlidir". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov finlandiyalı həmkarı Erkki Tuomioya ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransı zamanı səsləndirib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Ermənistan və bəzi həmsədr ölkələrdə keçiriləcək seçkilər danışıqlar prosesini çox yubadır: "Amma bu yubanma prosesin tamam dayanacağı analamına gəlmir", - deyə o vurğulayıb.
Nazir E.Məmmədyarov həmsədr ölkələrin xarici işlər nazirlərinin son bəyanatlarında tərəfləri siyasi iradə nümayiş etdirməyə çağırmasını xatırladıb: "Münaqişənin həlli üçün lazımi hüquqi baza var və bu baza kifayət qədər güclüdür. Münaqişə beynəlxalq normalar əsasında həll olunmalıdır. Münaqişənin həlli uzun bir prosesdir. Amma mən əminəm ki, biz buna nail ola bilərik".
Mətbuat konfransı zamanı ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı (Aİ) ilə əvəz olunması məsələsinə münasibət bildirən nazir, belə bir mexanizmin olmadığını deyərək, qeyd edib ki, Aİ və Fransanın yerinə cavab verə bilməz.
Konfrans zamanı öz növbəsində Finlandiyanın xarici siyasət idarəsinin rəhbəri Erkki Tuomioya, ölkəsinin ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini, münaqişənin ən yaxın zamanda beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarı olduğunu vurğulayıb. E.Tuomioya eyni zamanda qeyd edib ki, onlar heç bir vəchlə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə mübarizə aparmaq istəmirlər.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB