Elşad Mirbəşiroğlu: \"İran nəfəs ala bilməyən Ermənistana oksigen kanalı vəzifəsini icra edir\"-MÜSAHİBƏ
Sabah Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında Naxçıvanda görüş keçirilməsi nəzərdə tutulub. Görüş çərçivəsində qonşu dövlətlər arasındakı əlaqələrin və mövqelərin dəyişmə şansı olub-olmadığı və Azərbaycan-İran münasibətlərinin bundan sonrakı vəziyyəti ilə bağlı politoloq Elşad Mirbəşiroğlu SƏSTV-yə müsahibə verib.
- Azərbaycanın İsraildən 1,6 milyard dollarlıq silah alması xəbərinə İran çox sərt reaksiya verib. Hətta Azərbaycanın İrandakı səfiri məsələ ilə bağlı 3 dəfə İran Xarici İşlər Nazirliyinə çağrılıb. Sizcə, İranı bu qədər narahat edən nədir?
-Ümumiyyətlə, son zamanlarda İran-Azərbaycan münasibətlərində kifayət qədər soyuqluq olduğunu müşahidə etmək o qədər də çətin deyil. Buna əsas səbəb isə İran tərəfinin Azərbaycana qarşı münasibətdə əsası olmayan iradlar irəli sürməsidir. Son zamanlar isə Azərbaycanı hər hansı bir ölkə ilə əlaqələrini genişləndirməkdə, hərbi və ya iqtisadi siyasət yeritməkdə günahlandırmaq İran üçün adi hala çevrilib. Bütün bunların da özünəməxsus səbəbləri var. İran hazırda dünyada təcridolunma ərəfəsindədir. Dünya ictimaiyyətində İrana qarşı olan münasibət ortadadır. Ona görə də İran sanki bunu beynəlxalq münasibətlərin digər subyektlərinin simalarında da axtarmağa çalışır. Bu da öz növbəsində İranın yaxın qonşusu olan Azərbaycanla münasibətlərində özünü göstərir. Azərbaycan- İran münasibətlərində soyuqluq yaranmasının əsas səbəbi İrandır. Azərbaycan həmişə konstruktiv yola meylli olub və bütün dünya dövlətləri ilə dinc münasibətlərini qorumağa çalışıb. Lakin çox təəssüf ki, biz bunu qarşımızdakı dövlətlərdən görə bilməmişik. Konkret olaraq Azərbaycanın İsraildən silah alması məsələsinə gəldikdə isə, Azərbaycan müstəqil dövlətdir. İstənilən dövlətlə istənilən əlaqəni qurmaq Azərbaycanın öz əlindədir və hər hansı bir dövlət tərəfindən belə məsələlərə irad bildirilməsi, yol göstərilməsi qəbulolunmazdır. Hələ buna heç bir mənəvi, hüquqi haqqı olmayan İranın belə addım atmasını düşünmək qəbul olunmazdır. Uzun illərdir ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işğal altındadır. Qeyd etmək lazımdır ki, bu işğalçılıq siyasətinin davamlı olmasında konkret olaraq İranın rolu böyükdür. İran nəfəs ala bilməyən Ermənistana oksigen kanalı vəzifəsini icra edir.
- Elşad müəllim, İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin yanvar ayının 17-də nəzərdə tutduqları görüş baş tutmamışdı. Həmin görüş sabah Naxçıvanda baş tutacaq. Bu görüş sizcə, İran-Azərbaycan münasibətlərində hansısa yaxınlaşmaya səbəb ola bilərmi?
-Təbii ki, görüşlər mövqelərin yaxınlaşması və münasibətlərin yumşalması baxımından əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Türkiyə regionda sabitliyin və davamlı inkişafın tərəfdarıdır. Bu baxımdan region ölkəsi kimi İranla Azərbaycan və ya İranla Türkiyə arasında hərtərəfli əlaqələrin mövcud olması və inkişaf etdirilməsi hər üç dövlət üçün olduqca önəmlidir. Son zamanlarda yaşanan gərginlik fonunda 3 dövlətin xarici işlər nazirlərinin görüşü böyük əhəmiyyət kəsb edir. Hər şeydən öncə İranda yəqin ki, müəyyən bir əminlik yaranacaq ki, Azərbaycan İrana düşmən mövqeyi bəsləmir və hərtərəfli əlaqələrin qurulmasında da maraqlıdır. Eyni zamanda bu prosesdə Türkiyənin də iştirakı bir çox mənada İran üçün əminlik yaradacaq. Çünki İranda Türkiyə və Azərbaycana qarşı müəyyən şübhələr və inamsızlıqlar mövcuddur. İran tərəfi Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə İrana qarşı tətbiq edilən sanksiyalarda hansısa formada iştirak etdiyini düşünürlər. Ona görə də belə şübhələrin aradan qaldırılması və gələcəkdə münasibətlərin yaxşılaşdırılması üçün zəmin yaradılmasında bu cür görüşlərin əhəmiyyəti böyükdür.
- İranla qərb dövlətləri arasındakı gərginlik son dövrlərdə daha da artıb. Bu fonda son vaxtlar İrana sanksiyalar tətbiq edilir. İrana tətbiq olunan bu sanksiyalar hansısa hərbi hücumla nəticələnsə, sizcə, Azərbaycanın bu məsələyə reaksiyası necə olar?
- İlk olaraq qeyd edim ki, İrana qarşı həyata keçirilən sanksiyalar bugünki mövqeyinin dəyişdirilməsi üçün nəzərdə tutulan tədbirlər planıdır. Bu isə İranın daxili və xarici siyasətində özünü biruzə verir. İran- İsrail münasibətlərində gərginlik getdikcə artmaqdadır. İsrail dəfələrlə İranın nüvə obyektlərini vurması ilə bağlı bəyanat yayıb. Amma mən hesab edirəm ki, burada hərbi müdaxilə prosesi baş verməyəcək. Ötən gün ABŞ prezidenti İsrail tərəfi ilə keçirilən görüşdə İrana qarşı hərbi müdaxilə ritorikasına çox da üstünlük verilməməlidir. Düşünürəm ki, yaxın gələcəkdə İrana qarşı müharibə variantı mümkün deyil, lakin sözügedən müharibə baş tutarsa, bu təkcə Azərbaycana deyil, eyni zamanda bütün region ölkələrinə mənfi təsir göstərər. Ən azından regionda iqtisadi vəziyyət iflic halına gələ bilər. Bu gün qərb dünyası da başa düşür ki, regionda İranın çəkisi böyükdür və İrana qarşı müharibə məqbul deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB