Ramiz Mehdiyev: "Bu gün dünya birliyinin qarşısında duran çağırışlar "beyin mərkəzləri"nin daha səmərəli əməkdaşlığını tələb edir"

Ramiz Mehdiyev: "Bu gün dünya birliyinin qarşısında duran çağırışlar "beyin mərkəzləri"nin daha səmərəli əməkdaşlığını tələb edir"

Bu gün dünya birliyinin qarşısında duran çağırışlar siyasi elitanın və qərar qəbulunda öz tövsiyələrini verən "beyin mərkəzləri"nin daha səmərəli əməkdaşlığını tələb edir. SİA-nın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Bakıda cümə günü "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar" mövzusunda İƏT-ə üzv dövlətlərin "beyin mərkəzləri"nin III Forumunun açılışında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.


Onun sözlərinə görə, belə əməkdaşlıq önləyici tədbirlər görməyə, strateji təşəbbüsü ələ keçirməyə imkan verir.


"Bakıda təmsil olunan ekspertlərin tərkibi, nüfuzu və sayına görə Forumu yalnız İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin deyil, ümumilikdə qlobal məkanda həmkarların mövcud çağırışlarına ortaq cavab axtarışı, açıq beynəlxalq dialoq adlandırmaq olar", - Mehdiyev deyib.


PA rəhbəri əminliyini bildirib ki, dünyanın çoxsaylı ölkələrini əhatə edən Forum iştirakçılarının potensialı və dəyərli təcrübəsi dövrümüzün üzləşdiyi çağırışlara dair səmərəli fikir mübadiləsinin aparılmasına, əməkdaşlığın intensivləşməsinə imkan yaradacaq.


Ramiz Mehdiyev çıxışında, həmçinin Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, inkişafdan danışıb. Onun sözlərinə görə, Azərbaycan qarşıdakı 10 ildə ümumi daxili məhsulu 2 dəfə artırmağı nəzərdə tutur.


O qeyd edib ki, Azərbaycanda iqtisadiyyat çoxşaxəli inkişaf edir və neft asılılığı aradan qaldırılır. Təhsil sahəsində ölkədə aparılan işlərdən danışan PA rəhbəri qeyd edib ki, Azərbaycanın hazırda çoxsaylı gəncləri xarici ölkələrdə təhsil alırlar və onlar qayıtdıqda ölkənin inkişafına öz tövhələrini verəcəklər.


Ramiz Mehdiyev vurğulayıb ki, Azərbaycan müxtəlif xalqlar arasında mədəniyyətlərarası dialoq üçün körpü rolunu oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə