Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayıb - YENİLƏNİB
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqlar başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev danışıqların başlanmasını münasibətlərdə vacib addımlardan biri hesab edib. O bildirib ki, viza rejiminin sadələşdirilməsi ilə əlaqədar sərhəd xidmətində qanunsuz miqrasiya ilə mübarizə və digər məsələlərlə bağlı müəyyən iş aparılmalıdır: "Viza rejiminin sadələşdirilməsi və readmissiya barədə razılıq Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına kömək edəcək. Diqqət etmək lazımdır ki, bu razılaşmaların imzalanması və ratifikasiyası məsələnin yalnız bir tərəfidir. Bu razılaşmaların həyata keçirilməsi üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi zəruridir. İstərdik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycanın daha çox vətəndaşını əhatə etsin".
Mahmud Məmmədquliyev həmçinin bildirib ki, Azərbaycan və Avropa Birliyi "Şərq Tərəfdaşlığı" çərçivəsində institusional proqramı reallaşdırmağa hazırlaşır. Onun sözlərinə görə, proqram ticarət, ədliyyə, miqrasiya, dövlət məmurlarının hazırlanması sahələrində hərtərəfli islahatların keçirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, hazırda yalnız viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır və rejimin tamamilə ləğv olunması nəzərdə tutulmur: "Danışıqlar başa çatdıqdan və viza rejiminin sadələşdirilməsi həyata keçirildikdən sonra ikinci mərhələyə keçmək, viza rejiminin tamamilə ləğvindən danışmaq olar".
Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia isə qeyd edib ki, əldə olunacaq nəticələr münasibətlərin dərinləşdirilməsinə gətirib çıxaracaq: "Ötən illər ərzində siyasi, sosial, iqtisadi və enerji sahələrində Aİ-Azərbaycan münasibətləri möhkəmlənib. Danışıqlar prosesi yəqin ki, müəyyən müddət davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB