Xocalıdan olan qızın Ermənistan prezidentinə məktubu İrəvanda şok yaradıb
20 yaşlı Zərifə Quliyevanı dünya Fransanın dövlət başçısı Nikola Sarkozi və Ermənistan prezidenti Serj Sarkisyana göndərdiyi məktublar sayəsində tanıdı. Xocalılı qızın məktubunda söhbət 20 il əvvəl Xocalıda törədilən qanlı cinayətdən gedir.
Fransa və Ermənistan prezidentlərinə utanc gətirən, xəcalət təri axıtdıran (əgər qalıbsa) məktub 1992-ci ildə Xocalı sakinləri arasında ən cavanı (anası Zərifəni Xocalıdan bətnində çıxarıb), hazırda 20 yaşı olan Zərifə məktubunda özünü indi kabusa dönmüş Xocalı şəhərinin sakini adlandırır və Ermənistan prezidentindən ailəsi və bütün xocalılılar adından hesab sorur: \"Bu məktubu sizə yazan Azərbaycanın Qarabağ bölgəsindən, indi kabusa çevrilmiş Xocalı şəhərindən olan azərbaycanlı Zərifə Quliyevadır. Xocalı adı yəqin ki, sizə tanışdır. Özü də təkcə ona görə yox ki, siz özünüz tarixən Azərbaycan şəhəri, sovet dövründə Azərbaycan SSR-in tərkibinə Stepanakert adı ilə daxil olmuş Xankəndidə doğulmusunuz. Həm də ona görə yox ki, Xocalı elə özünüzün dediyiniz kimi, \"sizin torpaq olmayan\" tarixi Ağdam şəhərinin yaxınlığında yerləşir. Yeri gəlmişkən, Sizin dəfələrlə, o cümlədən 2009-cu ildə Yerevanda, Azərbaycan və Ermənistan ziyalılarının nümayəndələri ilə görüşdə söylədiyiniz bu fikir Ağdamın adının dəyişdirilərək Akna adlandırılmasına mane ola bilməmişdir.
Əminəm ki, bir fakt da Sizə məlumdur: 1992-ci il fevralın 26-da Ermənistanın işğalçı silahlı dəstələri tərəfindən Azərbaycanın bu yaşayış məntəqəsində törədilmiş dəhşətli cinayət nəticəsində 613 adam öldürülmüş, 1275 nəfərdən çox əsir götürülmüş, 150 adam itkin düşmüş, 487 nəfər şikəst edilmiş və əlil olmuşdur.
Əgər Siz insanlığa qarşı törədilmiş bu cinayəti səciyyələndirən sözlər seçməkdə çətinlik çəkirsinizsə, deyə bilərəm ki, Xocalı Çexiyanın İkinci Dünya müharibəsi illərində alman faşistləri tərəfindən praktiki olaraq yer üzündən silinmiş Liditse şəhəri ilə qardaşlaşmışdır\".
20 yaşlı Xocalı sakini Ermənistan prezidentinə bir sıra xatırlatmalar da edib: \"Sizə onu da xatırlatmaq istərdim ki, \"Human Rights Watch\" beynəlxalq hüquq-müdafiə təşkilatı Xocalıda törədilmiş faciəni \"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qırğın\" adlandırmışdır. Bu təşkilat bildirmişdir ki, erməni silahlı dəstələri mülki şəxslərin həlak olmasına görə birbaşa məsuliyyət daşıyırlar.
Bu dəhşətli cinayətin, dinc Azərbaycan əhalisinə qarşı bu soyqırımının törədildiyi vaxtdan artıq 20 il keçir. Əslən Xocalıdan olan mən Zərifə Quliyevanın yaşı da bu qədərdir.
Xocalıda mənim azyaşlı qardaşım, nənəm, dayılarım, əmilərim öldürülmüş, ümumiyyətlə bizim ailə 22 nəfər üzvünü itirmişdir. Bizi anamız böyütmüş, tərbiyə etmişdir. Həyatda ən böyük keyfiyyəti - Vətənə məhəbbəti və insan həyatının dəyərini anlamaq keyfiyyətini bizə o, aşılamışdır.
Bizə bu dəyərləri aşılamış qadının bədənində 4 güllə yarası və erməni silahlılarının əməllərinin nəticələrini ona hər gün xatırladan qəlpələr vardır. Bu qəlpələr Xocalı dəhşətlərini hər an xatırlamağa məcbur edir. Belə qəlpələri biz Xocalı sakinlərinin hər biri qəlbində gəzdirir. O qəlpələr həmin faciəni unutmağa imkan vermir. Bu faciənin təqsirkarları Azərbaycanın dinc əhalisinə qarşı soyqırımı törətmiş erməni silahlılarıdır.
Mən özüm barədə danışdım. sizin barədə də bilirəm. Məsələn, mənə məlumdur ki, Sizin iki qızınız var: Anuş və Satenik. Onlar gələcəyin analarıdır. İndi isə özünüz cavab verin və qızlarınızdan soruşun: erməni faşistlərin Xocalıda məhv etdikləri 106 qadının və 63 uşağın təqsiri nə idi?!
Bu suala özünüz cavab verin və qızlarınızdan soruşun - onlar özlərinin doğmalarından və yaxınlarından kiməsə belə dəhşətli faciəni arzulayardılarmı?!
Mən britaniyalı jurnalist Tomas de Vaalın \"Qarabağ - Qara bağ\" kitabını oxumuşam. Orada belə bir epizod var: \"Sarkisyan baş vermiş hadisələr barədə daha səmimi və daha sərt fikir söylədi: \"Lakin mənim fikrimcə əsas məsələ tamam başqa idi. Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmağa nail olduq\".
Siz bu kitabı oxumaq üçün qızlarınıza vermisinizmi, cənab Sarkisyan? Düşünmürəm ki, onlar ermənilər arasında da bütün dinlərdə və dünyanın bütün xalqlarında ehtiram bəslənilən humanizm, insansevərlik, başqasının dərdinə acımaq kimi keyfiyyətlərə malik adamlar olmasına azərbaycanlıların inamını qırmaq üçün atalarının dinc qadınların, uşaqların və qocaların öldürülməsini yaxşı bir fürsət kimi qiymətləndirməsinə sevinsinlər.
Tomas de Vaalın həmin kitabında daha bir məqam var: \"Ermənilərin hərbi sərkərdəsi Serj Sarkisyandan Xocalının tutulması barədə danışmasını xahiş edəndə, o, ehtiyatla belə cavab vermişdir: \"Biz bu barədə bərkdən danışmamağı üstün tuturuq\".
Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törədildiyi vaxtdan 20 il keçir. Cənab Sarkisyan, mənə belə gəlir ki, bu dəhşətli cinayət haqqında ucadan danışmağın vaxtıdır.
Əgər məhz siz Xocalı soyqırımına ədalətli qiymət versəydiniz, bu cinayətin törədilməsində erməni silahlılarının təqsirini etiraf etsəydiniz, daha düzgün olardı. Mən Sizdən öz xalqınızın törətdiyi cinayətlərə görə dərin peşmançılıq əlaməti kimi, 1970-ci il dekabrın 7-də Varşava gettosunda, vaxtilə yəhudilərin Treblinka və Osvensim ölüm düşərgələrinə yola salındığı yerdə nasizm qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında diz çökmüş AFR kansleri Villi Brandtın hərəkətini təkrarlamağınızı xahiş etmirəm\".
Z.Quliyeva daha sonra məktubda bildirir: \"Mən yalnız onu xahiş edirəm ki, siz Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı soyqırımı törədilməsində erməni tərəfin təqsirini etiraf edəsiniz. Bu addım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tamamilə yeni bir səhifə ola bilər. Bu addım bizim ölkələr və xalqlar arasında 20 il bundan əvvəl Xocalıda soyqırımı törədənlərin atəş açdığı etimad mühitini bərpa edə bilər.
Mən buna da əminəm ki, dünya ictimaiyyəti Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırımına ədalətli qiymət verəcəkdir. Həmçinin ona da əminəm ki, münaqişələr əbədi olmur və qonşu xalqlar gec-tez sülh və qarşılıqlı etimad şəraitində yaşayacaqlar. Bunun sizin iştirakınızla, yaxud sizsiz baş verməsi isə yalnız sizdən asılıdır.
Siz tarixdə öz xalqının əvvəlki səhvlərinə görə təqsirini etiraf etməyə cəsarəti çatmış, ədalətin təntənəsinə və xalqlarımız arasında sülhün bərqərar olmasına kömək etmiş bir siyasətçi kimi, yaxud cinayəti cinayət adlandırmağa qorxaraq yalnız şəxsi mənafelərini üstün tutmuş, daha dəqiq desək, bu barədə fikrini ucadan söyləməməyi üstün tutmuş bir siyasətçi kimi qalmaq məsələsini yalnız Siz özünüz həll edə bilərsiniz\".
Qeyd edək ki, soyqırımının 20-ci ildönümündə 20 yaşlı qızın Nikola Sarkozi və Serj Sarkisyana yazdığı məktublara ilk reaksiya İrəvandan gəlib. Erməni tərəfi məktubun mövcudluğunu etiraf etsə də, Zərifə Quliyeva adlı şəxsin olmadığını iddia edir. Amma Türkiyənin "Hürriyet" qəzeti Zərifə Quliyevanı tapıb. Hazırda anası ilə İstanbulda olan Zərifə qaldığı oteldə qəzetə müsahibə verib. Türkiyəyə anası Rahilə Quliyeva ilə birlikdə gedən xocalılı qız mətbuat konfransı keçirib və Xocalı soyqırımı barədə məlumat verib.
Zərifə rəsmi İrəvanın yalanlarını da ifşa edib: "Ermənistan yalan danışır, mən burdayam. Məktubda yazılanlar mənim fikirlərimdir, özüm qələmə almışam. Anlatmalıydım. Bundan sonra susa bilməzdim". Zərifə Quliyeva jurnalistin "Nə istəyirsən?" sualına belə cavab verib: "Kədərimə hörmət göstərilməsini, acımın qəbul edilməsini istəyirəm. Bir də torpaqlarımın geri qaytarılmasını…".
Zərifənin anası Rahilə Quliyeva da Xocalı soyqırımından danışıb: "Qızım hələ dünyaya cəlməmişdi. İki yaşlı oğlu və həyat yoldaşım yanımda idi. Evdə oturmuşduq". Onun sözlərinə görə, saat 21.30-da hücum başlayıb: "Mən dörd güllə yarası ilə qurtuldum. Oğlum və ərim öldü. Altı aydan sonra Zərifə doğuldu. Nə qardaşının, nə də atasının üzünü görüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB