YAP-ın təşkilatçılığı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın veridiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə bildirib ki, Xocalıda törədilən qanlı hərbi cinayət erməni vəhşiliyinin növbəti ifşasına çevrildi. Onun sözlərinə görə, Xocalı sakinlərinə qarşı çevrilmiş bu cinayət 20-ci yüzilliyin sonlarının ən dəhşətli soyqırımı aktı oldu. "Biz yalnız ah-vay etməli deyilik, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində hansı işləri görə biləcəyimizi düşünməliyik, bu hadisənin dünya ictimaiyyətinə çatdırılması yollarını axtarmalıyıq", deyə Əli Əhmədov bildirib.
YAP sədrinin müavini Pakistan və Meksika parlamentlərinin Xocalı faciəsini soyqırımı aktı kimi qiymət verdiyini vurğulayaraq bildirib ki, 26 fevralda Türkiyədə faciənin 20-ci il dönümünə həsr olunmuş yürüşün keçirilməsi Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində əhəmiyyətli addım olacaq.
"Biz hər zaman bir sıra ölkələrin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlarla üzləşirik. Lakin Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik bizi ruhdan salmamalıdır və daha ciddi, qətiyyətlə qüvvələrimizi səfərbər etməliyik", - deyə o vurğulayıb.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bildirib ki, Xocalı faciəsi erməni vəhşiliyinin kulminasiya nöqtəsi olub, dinc sakinlər qətlə yetirilib, onların müxtəlif əzaları kəsilib. "Xocalı faciəsi erməni xislətinin güzgüsüdür", - Ş. Usubov deyib. Onun sözlərinə görə, Xocalı sakinləri hazırda ölkənin bir çox ərazisində yaşayış yerləri ilə təmin olunub, onlar üçün bütün sosial infrastrukturu olan yaşayış massivləri salınıb.
Həmiçinin tədbirə qatılan Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdiri, Nizami Səfərov bildirib ki, Xocalı olaylarını törədənlərin məsuliyyətə cəlb olunması üçün bütün qanunvericilik işləri görülüb. "Artıq hüquq mühafizə orqanları tərəfindən bütün lazımı işlər görülüb və cinayət törədənlər beynəlxalq axtarışdadır. Təəssüf ki həmin şəxslər qonşu dövlətlərdə və Avropada sərbəst şəkildə hərəkət edirlər", - o deyib.
Eyni zamanda Nizami Səfərov bildirib ki, Qarabağ ərazisində törədilən cinayətlər üzrə beynəlxalq məhkəmə orqanı təsis edilməlidir. Bunu üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən müəyyən qərar verilməlidir.
Şöbə müdiri həmçinin qeyd edib ki, bu qanlı olaylarda zərər çəkmiş azərbaycanlılar Avropa məhkəmələrinə müraciət etməlidir.
Dəyirmi masa zamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, 1992-ci il 26 fevral tarixi dünya üçün qara bir gündür. Onun sözlərinə görə, dünyanın gözü qarşısında Xocalıda qətliamlar törədilib. Səfir deyib ki, Taksim meydanında Türkiyə ilə Azərbaycanın qardaşlığı dünya birliyinə nümayiş olunacaq. "Xocalı faciəsini unutdurmaq cəhdi edənlər 100 il əvvəlki hadisələr barədə məsələ qaldırmaq istəyirlər. Lakin bu məsələdə biz Azərbaycanın yanında olacağıq, necə ki Azərbaycan Türkiyənin yanındadır. Fransa senatının qərarı türk birliyini daha çox bərkitdi",- deyə o bildirib.
Millət vəkili Gövhər Baxşəliyeva isə öz növbəsində qeyd edib ki, dünya ölkələrinə Xocalı faciəsi ilə bağlı bir çox dillərdə tərcümə olunmuş materiallar göndərilməlidir. O həmçinin bildirib ki, dünyaya yalnız Xocal deyil, ermənilərin Qarabağın digər ərazilərində, həmçinin ötən əsrdə Quba, Şamaxı və digər bölgələrdə törətdiyi soyqırımlar barədə məlumatlar verilməlidir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyirmi masada deyib ki, azərbaycanlıların qüruru xalqımızın başına gəlmiş soyqırım barədə danışmağa imkan vermir. O qeyd edib ki, bizim vəzifəmiz bu hadisəyə hüquqi qiymət verməkdən ibarətdir.
Millət vəkili Fəzail Ağamalı tədbirdə deyib ki, Xocalı faciəsinin dünyaya çatdırılmasına xarici ölkələrdəki Azərbaycan və Türk diasporlarının birgə əməyi nəticəsində nail olmaq olar. O bildirib ki, bunun üçün xüsusi mərkəz yaradıla bilər.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB