Elmar Məmmədyarov: \"Ölkəmiz 20 illik müstəqillik dövründə bütün sahədə müsbət nəticələr əldə edib\" - MÖVQE

Elmar Məmmədyarov: \"Ölkəmiz 20 illik müstəqillik dövründə bütün sahədə müsbət nəticələr əldə edib\" - MÖVQE

Meksikada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Böyük iyirmiliy"in (G-20) üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E.Məmmədyarovdan əvvəl çıxış edən Meksikanın xarici siyasət idarəsinin rəhbəri deyib ki, Azərbaycanın və qonaq qismində digər ölkələrin toplantıda iştirakı bu dövlətlərin təmsil etdikləri regionda və beynəlxalq aləmdəki əhəmiyyətli rolundan irəli gələn məsələdir.

Toplantıda çıxış edən Cənubi Afrika Respublikasının xarici işlər naziri digər inkişaf etmiş ölkələri də Azərbaycan kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib. Nazir E.Məmmədyarov davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq, ölkəmizin 20 illik müstəqillik dövründə bu sahədə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən nazir, dövlətimizin davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üçün çalışdığını söyləyib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri ölkəmizdə təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edib. O, informasiya və kommunikasiya texnologiyaları sahəsinin də ölkəmizdə sürətlə inkişaf edən istiqamət olduğunu bildirib. Gender bərabərliyi məsələsinə toxunan nazir cəmiyyətdə qadının mühüm rolundan, xüsusən də inkişaf etməkdə olan ölkələrdə bu məsələlərə diqqət yetirilməsinin vacibliyindən danışıb.

Təhlükəsizlik məsələlərinə toxunan E.Məmmədyarov bu sahədə qəbul edilən qərarların tətbiqedilmə mexanizminin də vacibliyini vurğulayıb. Nazir BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, onların tətbiq mexanizminin olmaması kimi xoşagəlməz təcrübəni xatırladıb. BMT TŞ-nın öz qərarlarına hörmətlə yanaşmasının vacibliyini qeyd edən E.Məmmədyarov, bu qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb. Nazir bunun qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib.

Nazir E.Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-ın dövlət katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbərləri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə