ABŞ-ın Con Hopkins Universitetində Azərbaycan haqqında məruzə dinlənilib
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbində ölkəmiz haqqında məruzə ilə çıxış edib. SİA-nın verdiyi məlumata görə, xəbəri ölkəmizin ABŞ-dakı səfirliyindən AzərTAc-a bildiriblər.
Qeyd edilib ki, məktəbin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Frederik Starrın aparıcılığı ilə baş tutan tədbirdə E.Süleymanov müstəqilliyinin bərpasından keçən 20 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsindən, regional layihələrin gerçəkləşməsində ölkəmizin oynadığı həlledici roldan, bölgədəki hazırkı geosiyasi vəziyyətdən və Azərbaycan-ABŞ münasibətlərinin inkişaf dinamikasından bəhs edib.
Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışan diplomat torpaqlarımızın işğalına son qoyulmasının və iki dövlət arasında tezliklə davamlı sülhün əldə olunmasının bütün bölgənin inkişafı üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb və bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın münaqişənin həllində daha fəal olacağına ümid etdiyini bildirib.
Müxtəlif dinlərə və etnik qruplara mənsub insanların Azərbaycanda dinc şəraitdə birgə yaşadıqlarını qeyd edən səfir ölkəmizin bu baxımdan bir çox dövlətlər üçün nümunə olduğunu diqqətə çatdırıb.
Sonda diplomat tədbir iştirakçılarının suallarını cavablandırıb.
Tədbirdə Cons Hopkins Universitetinin müəllim və tələbə heyəti, ABŞ Dövlət Departamentinin, Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, Vaşinqtonda fəaliyyət göstərən bir sıra nüfuzlu beyin mərkəzlərinin tədqiqatçıları, diplomatlar, iş adamları, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB