AŞPA-da Xocalı Soyqırımını kəskin pisləyən bəyanat qəbul olunub

AŞPA-da Xocalı Soyqırımını kəskin pisləyən bəyanat qəbul olunub

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. SİA-nın xəbərinə görə, sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞ PA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb.

Sənəddə deyilir: "Bu il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Rusiyaya (Sovet İttifaqına) məxsus 366-cı moto-atıcı piyada alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etməsinin və onun dinc sakinlərini etnik türk mənsubiyyəti səbəbindən amansızcasına soyqırıma məruz qoymasının 20 ili tamam olunur. Xocalı soyqırımı zaman 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilmiş, 8 ailə tamamilə məhv edilib. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 1275 mülki vətəndaş girov götürülüb, onlardan 150-nin taleyi hələ də naməlumdur.

AŞPA-da qəbul edilən bəyanatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini tamamilə yerlə-yeksan ediblər. Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüquqi və siyasi qiymət verilməyə çağırılır. Sənəddə deyilir: \"Bütün bunları nəzərə alaraq biz (bu sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti. o cümlədən AŞPA-nı bu qeyri-insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı qüvvələri tərəfindən bəşəriyyət əleyhinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çağırırıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə