Politoloq: “Azərbaycanla Ermənistan müqayisə oluna bilməz” - MÖVQE

Politoloq: “Azərbaycanla Ermənistan müqayisə oluna bilməz” - MÖVQE

Ermənistan tarix boyu Azərbaycanla bağlı münasibətlərdə qərəzli mövqe nümayiş etdirib. Digər tərəfdən dünya ölkələrində "Sərhədsiz reportyorlar"ın hesabatına, bu və ya digər məsələlərə münasibətinə ciddi reaksiya verilib. Bunu SİA-ya açıqlamasında \"Exspress\" qəzetinin baş redaktoru Qəzənfər Bayramov "Sərhədsiz reportyorlar"ın növbəti qərəzli hesabatına münasibət bildirərkən deyib.


"Azərbaycan mətbuatı yetərincə müstəqil və azad bir mətbuatdır. Azərbaycanda istənilən iqtidar, yaxud müxalifət qəzeti azad şəkildə ölkədə gedən proseslərə öz mövqeyini bildirir, yeri gələndə hökuməti tənqid edir. Bu ondan xəbər verir ki, Azərbaycan mətbuatı azad bir şəkildə fəaliyyət göstərir və bu yolu özünün başlıca meyarı seçib", - deyə baş redaktor bildirib.


Politoloq Elşad Mirbəşiroğlu isə məsələyə münasibət bildirərkən bildirib ki, Azərbaycan mətbuatı muasir dövrün prinsiplərinə uyğun formada yüksək bir səviyyədə inkişaf edir: \"Azərbaycan mətbuatına dövlət səviyyəsində qayğı olduqca yüksəkdir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə jurnalistlər üçün mənzillərin tikilib-istifadəyə verilməsi buna bariz sübutdur. İstər ölkə daxilində, istərsə də ölkədən kənarda mətbuatın inkişafı istiqamətində atılan addımlar təqdirəlayiq hal kimi dəyərləndirilir. Açıq-aşkar məlumdur ki, informasiya mübarizəsində biz erməniləri qat-qat üstələmişik".


E.Mirbəşiroğlunun sözlərinə görə, dünya ictimaiyyətində kifayət qədər mənbələr var ki, orada ermənilər işğalçı, qan tökən, Ermənistan isə terrorçu dövlət kimi qələmə verilir: "Azərbaycan mətbuatı ilə bağlı hər hansı qərəzli, məqsədyönlü fikirlər birmənalı şəkildə Azərbaycanı istəməyən insanlar tərəfindən yayılır. Bu gün məlum məsələdir ki, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Ölkədə orduya çağırılacaq heç kim yoxdur və ölkənin sosial-iqtisadi vəziyyəti acınacaqlı həddə çatıb. Hesab edirəm ki, Azərbaycanla Ermənistan dövləti müqayisə oluna bilməz".


Qeyd edək ki, "Sərhədsiz reportyorlar"dan növbəti qərəzli hesabatda Azərbaycanın Mətbuat Azadlığı indeksində gerilədiyi və Ermənistanın isə əksinə irəlilədiyi göstərilib. Azərbaycan Mətbuat Azadlığı indeksində 179 ölkə arasında 162-ci yerdə qərar tutub. Ötən illə müqayisədə Azərbaycan 10 pillə aşağı düşüb. Ayrı-ayrı ölkələrdə medianın durumunu təhlil edən təşkilatın hesabatına inansaq, Azərbaycanda "vətəndaşlar həbsə atılır", "həbs olunanların sayında dramatik artım var", hətta, "müxalifyönlü jurnalistlər oğurlanır". Nə qədər qəribə olsa da, "Sərhədsiz reportyorlar" digər postsovet ölkələrini, o cümlədən, Ermənistanı Mətbuat Azadlığı indeksində irəlilədib. Belə ki, Ermənistan 77-ci, Ukrayna 116-cı, Moldova 53-cü, Qırğızıstan 109-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə