Bu gün AŞPA-nın qış sessiyası öz işinə başlayır

Bu gün AŞPA-nın qış sessiyası öz işinə başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır. SİA-nın xəbərinə görə, açılışın ilk sessiyasında Assambleyanın sədri, onun müavinləri və komitə üzvləri seçiləcək, AŞPA prezidenti Mövlud Çavuşoğlu Assambleyanın Büro və Daimi Komitəsinin İnkişaf hesabatına dair məruzə ilə çıxış edəcək.

Sessiyanın ilk günündə həmçinin Mərakeş və Rusiyada keçirilən parlament seçkiləri ilə əlaqədar məruzələr dinlənəcək. İkinci gün isə sessiyada Avropa Şurasının İnsan hüquqları üzrə yeni komissarı seçiləcək. Daha sonra isə Bosniya və Herseqovinada demokratik institutların fəaliyyətləri barədə müzakirələr aparılacaq və qurumun mədəniyyət elm, təhsil və media üzrə məruzəçisi Muriel Marland-Militellonun "Mədəni həyatda hər kəsin iştirak hüququ" adlı məruzəsi dinlənəcək.

Sessiyanın 3-cü günündə Belarusdakı vəziyyət diqqət mərkəzində olacaq, Estoniyalı məruzəçi Andres Herkelin hesabatı dinlənəcək. Hesabatdan sonra Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzenin Finlandiya prezidenti xanım Tarya Halonen və Birləşmiş Krallığın baş naziri Devid Kameronun çıxışları nəzərdə tutulur.

Yanvarın 26-da qadın hüquqları, qadın eləcə də məişət zorakılıqlarına qarşı mübarizə istiqamətində dinləmələr keçiriləcək. Sessiyanın sonuncu günündə isə Avropa Şurası məkanında demoqrafik vəziyyət diqqət mərkəzində olacaq. Sonda daimi komitənin tərkibinə nəzər salınacaq və sessiya öz işini sona çatdıracaq.

Qeyd edək ki, 5 gün davam edəcək sessiyada Azərbaycanla bağlı hər hansı məsələ gündəliyə salınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə