“20 Yanvar faciəsi” adlı dəyirmi masa keçirilib

“20 Yanvar faciəsi” adlı dəyirmi masa keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı "20 Yanvar faciəsi" adlı dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd faciənin növbəti ildönümünü anmaq, gənclər arasında vətənpərvərlik hissini aşılamaq, gənclərin diqqətini tarixin qəhrəmanlıq salnaməsinə çevrilmiş 20 yanvar faciəsinə yönəltmək və müstəqillik uğrunda canından keçmiş şəhidləri bir daha yad etmək olub.

Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıqov bildirib ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Onun sözlərinə görə, həmin gecədə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Tarixin qan yaddaşına əbədi həkk olan 20 Yanvar faciəsi respublikanın ümumxalq hüzn kimi geniş qeyd edilir.

Millət vəkili Aydın Mirzəzadə isə belə hadisələrin baş verməməsi üçün nəticələr çıxarmağın lazım olduğunu deyib. O qeyd edib ki, Azərbaycan güclü olaraq düşmənlərinə qarşı həmişə ayıq olmalıdır. A.Mirzəzadə Azərbaycan xalqının 20 yanvar faciəsini heç vaxt unutmayacağını dedi.

Tədbir nazirliyin nümayəndələri və digər qonaqların çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə