2007-2011-ci illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 461 fakt aşkarlanıb

2007-2011-ci illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 461 fakt aşkarlanıb

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin qiymətləndirmələrinə əsasən 2007-2011-ci illər ərzində Əfqanıstanda 727 min hektar ərazidə 32 min 200 ton tiryək istehsal edilib.

2010-cu ildə Əfqanıstanda xaş-xaş bitkisinə düşmüş xəstəlik nəticəsində tiryək istehsalının 3600 tona qədər azalması fonunda yaranan optimist proqnozları 2011-ci ildə istehsalın 61% artaraq 5800 tona çatması, əlavə olaraq həşiş istehsalının genişlənməsi alt-üst edib.

Azərbaycanın coğrafi mövqeyi, narkotiklərin qanunsuz dövriyyəsində ölkədən tranzit dəhliz kimi istifadəyə cəhd göstərilir. Bunun nəticəsidir ki, digər region ölkələri kimi ölkəmizə xüsusilə, cənub sərhədlərindən "narkotəcavüz" səngimir. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu narkotəcavüzə qarşı mubarizədə gömrük orqanları (digər hüquq-mühafizə orqanları ilə birlikdə) ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasının qarşısını alıb.

Belə ki, 2007-2011-ci illər ərzində 461 fakt aşkar olunub. 1 ton 346 kiloqramdan çox narkotik, o cümlədən, 924 kq 344 qramdan çox həşiş, 203 kq 666 qram heroin, 188 kq 469 qram tiryək, 4 kq 747 qram marixuana, 24 kq 400 qram metamfetamin də daxil olmaqla əsasən "ağır" və "güclü təsirli" daha təhlükəli narkotiklər dövriyyədən götürülüb.

Narkoqaçaqmalçılıq faktları üzrə 531 nəfər şübhəli şəxs qismində cəlb edilib. Onlardan 70 nəfərini - 13 faizdən çoxunu qadınlar təşkil edib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlər əsasən Azərbaycan və İran vətəndaşları olub. Onların arasında Rusiyanın, Gürcüstanın, Özbəkistanın, Türkiyənin, Litvanın, Ukraynanın, Nigeriyanın, Qananın və digər Afrika ölkələrinin, hətta Kambocanın vətəndaşlarına da rast gəlmək olur.

2009-2011-ci illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-dan çox cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilmişdir.

2007-2011-ci illərdə aşkar olunmuş faktların və daxil olmuş əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Çin, Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərilib.

Gömrük orqanları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir neçə iri narkokanal da aşkara çıxarılaraq qarşısı alınıb.

Azərbaycan və İran İslam Respublikasının vətəndaşları tərəfindən İrandan gətirilən güclü təsirli psixotrop maddə olan metamfetaminin ölkə ərazisindən tranzit keçirilməklə hava nəqliyyatı ilə (Bakı-İstanbul, Bakı-Moskva aviareysləri ilə) Malayziya və Tailanda qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdlərlə bağlı 5 fakt aşkar edilib və 24 kq 147 qram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 16 fakt üzrə 28 kq 855 qramı tiryək, 10 kq 170 qramı heroin olmaqla, ümumi çəkisi 39 kq 025 qram narkotik vasitə, 1 ədəd PSM sistemli "Makarov" tipli tapança və onun patronları, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülüb.

Rusiya Federal Gömrük xidməti ilə birgə "Kaspi" əməliyyat planına əsasən həyata keçirilmiş 10 günlük tədbirlər nəticəsində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən Rusiyaya aparılmasına cəhd göstərilən 62 kq 592 qram narkotik vasitə və onları keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Həştərxan limanında, İrandan Rusiyaya beynəlxalq dəniz yükdaşımalarını həyata keçirən "Vəfa" adlı gəmidə, qranit və digər üzlük daş partiyalarının içərisində 30 bağlamada 49 kq 995 qram həşiş aşkar edilərək götürülüb, Rusiyanın Sankt-Peterburq və İvanovo şəhərlərində bu narkokanalın təşkilatçıları olan İran və Rusiya vətəndaşları tutularaq barələrində müvafiq tədbirlər görülüb.

Narkotiklərin aşkar olunmasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində yetişdirilmiş 39 xidməti it gündəlik fəaliyyətdə tətbiq olunur. Bu itlərin köməyi ilə təkcə son 2 ildə 26 fakt aşkar olunmuş və narkoqaçaqmalçılardan 35 kq 856 qram narkotik götürülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə