Uilfred Martens: \"Azərbaycan bir nümunədir\"

Uilfred Martens: \"Azərbaycan bir nümunədir\"

Avropa Xalqları Partiyası (AXP) bu qurumun sədri Uilfred Martensin Cənubi Qafqaz regionuna səfəri haqqında məlumat yayıb. Məlumatda AXP sədrinin Gürcüstan və Azərbaycana 4 günlük səfəri çərçivəsində keçirdiyi görüşləri və fikirləri yer alıb.

Qeyd olunur ki, Uilfred Martens Azərbaycana səfəri zamanı müəllifi olduğu "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimində çıxış edib. Təqdimat mərasimində hökumət nümayəndələri, Milli Məclisin deputatları, akademiklər, gənc siyasətçilər və s. iştirak ediblər. O, həmçinin Yeni Azərbaycan Partiyasından olan gənclərə Avropaya inteqrasiya haqqında mühazirə oxuyub. Bundan əlavə, onun Qafqaz müsəlmanlarının şeyxi, xristian ortodoks kilsəsinin və yəhudi icmasının nümayəndələri ilə səmərəli görüşləri də olub. Səfərin sonuncu günü Uilfred Martens Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.

Gürcüstana və Azərbaycana səfərinin çox məhsuldar keçdiyini vurğulayan U.Martens bildirib ki, səfər çərçivəsində bir daha əmin oldum ki, bu ölkələrdə "Şərq tərəfdaşlığı" proqramının gerçəkləşməsinə maraq çoxdur və Avropa dəyərlərinə inteqrasiya yüksək sürətlə həyata keçirilir.

U.Martens deyib: "Azərbaycan Prezidenti İlham Əliyev ilə çox dəyərli görüşümüz oldu. Biz Avropaya inteqrasiya, Avropa İttifaqı ilə əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı xüsusi rol və s. haqqında geniş fikir mübadiləsi apardıq. Bundan əlavə, biz iqtisadi, sosial və siyasi sahədə həyata keçirilən islahatlar haqqında fikirlərimizi bölüşdük. Məhz buna əsasən, bir daha dəqiqləşdirdim ki, Azərbaycan bu islahatlar nəticəsində Avropa İttifaqı, Avropa Şurasının Venesiya Komissiyası da daxil olmaqla beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olub. Mən Azərbaycanda müxtəlif dinlərin və onların icmalarının dinc və harmoniya şəklində birgəyaşayışına, tolerant münasibətə heyran qaldım. Bu baxımdan, deyə bilərəm ki, Azərbaycan bir nümunədir".

Avropa Xalqları Partiyası Avropanın ən böyük və ən nüfuzlu sağ-mərkəzçi partiyasıdır. Hazırda 39 ölkədən 74 partiya, həmçinin Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin prezidentləri, Avropa İttifaqına daxil olan 16 və bu birliyə daxil olmayan 6 ölkənin dövlət və hökumət başçıları, Avropa Komissiyasının 13 üzvü Avropa Xalqları Partiyasının üzvüdür. AXP Avropa Parlamentində ən böyük qrupla təmsil olunan yeganə siyasi qurumdur.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə