“Azərbaycan prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB

“Azərbaycan prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB

Bu gün Bakıda Qrem Uilsonun "Azərbaycan prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib. Mərasimdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib ki, böyük şəxsiyyətlər haqqında əsər yazmaq böyük cəsarət tələb edir: "Cənab Qrem Uilson tərəfindən yazılmış bu kitabda diqqəti cəlb edən əsas və fərqli cəhət ondan ibarətdir ki, prezidentin milli lider obrazının təsviri ilə yanaşı, onun prezidentliyi dövründə Azərbaycanda və onun ətrafında baş verən siyasi proseslər obyektiv şəkildə təhlil edilib. Əsərin digər mühüm əhəmiyyəti onun Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsidir. Şübhə etmirəm ki, bu qısa tarixi dövr Azərbaycan xalqının yaddaşlarında çox zəngin izlər qoyub. Ölkəmiz haqqında xarici müəllifin yazdığı və tarixi hadisələri özündə dolğun əks etdirən belə məzmunlu əsər indiyə kimi işıq üzü görməyib. İlk təəssürat onu deməyə əsas verir ki, kitab müəllifin dərin elmi araşdırmaları, obyektiv təhlili və ən əsası Azərbaycana böyük marağı sayəsində ərsəyə gəlib. Bu tarixi həqiqət duyumuna malik olan müəllifin etirafıdır".

Kitabın dərin təhlillərə əsaslandığını deyən Ramiz Mehdiyev bildirib ki, dövləti və xalqı güclü edən təkcə dövlət qurmaq bacarığı deyil, onu yaşatmaq iqtidarında olan, milli birliyi təmin edən və dünya xəritəsində dövlətinin yerini və mövqeyini qoruyan liderlərdir: "Bütün bu məsələlərin həlli liderin şəxsi keyfiyyətinə, inamına və təcrübəsinə əsaslanır. Bu inkaredilməz bir faktdır. Azərbaycan xalqı öz tarixi taleyində buna dəfələrlə əmin olub".

PA rəhbəri 2003-cü ildən Azərbaycanda yeni dövrün başladığını deyib: "Dəyişən dünyada yeni tip liderlərə tələbat artıb. Liderin malik olduğu kapital isə xalqın etimadıdır. Hazırda dünyanın bir sıra ölkələrində baş verən bir çox sarsıntıların əsas səbəbi də dövrün tələblərinə cavab verə bilən liderlərin olmamasıdır. Bütün bu proseslər siyasi-sosial təlatümlərdən çıxış yolu tapa bilən, novasiyalara həssas olan, gərgin ziddiyyətləri həll edə bilən yeni tip liderlər nəslinin formalaşmasını aktuallaşdırıb".

Daha sonra çıxış edən kitabın müəllifi Qrem Uilson qeyd edib ki, kitabın hazırlanmasına Azərbaycanın müxtəlif qurumları kömək edib. Q. Uilson İlham Əliyevin son 8 ildə apardığı siyasət nəticəsində ölkənin inkişafında yeni səhifə açıldığını deyib: "Müəllifi olduğum kitabda İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif sahələrdə gördüyü işlərdən bəhs olunur. Kitabda 450 şəkil yer alıb. Bütün bunlar kitabda öz əksini tapıb". Müəllif 2012-ci ildə kitabın 10 minlərlə nüsxə çap edərək aparıcı kitab mağazalarına çıxarmağı planlaşdırdıqlarını deyib. Q. Uilson kitabda əksini tapmış bəzi maraqlı məqamları da açıqlayıb: "Mən söhbət zamanı İlham Əliyevdən soruşdum ki, Azərbaycanın ərazi bütövlüyü nə vaxt bərpa olunacaq? O isə mənə dedi ki, bu problem çox yaxında - onun prezidentliyi dövründə həllini tapacaq".

Bilkənd Universitetinin rektoru Əli Doğramacı isə çıxışında İlham Əliyevin bacarıqlı lider olduğunu deyib. O, kitabın Azərbaycan dilinə də tərcümə olunmasını, rəqəmsal formatda yayımlanmasını təklif edib. Ə.Doğramacı deyib ki, bu, kitabın tanıdılması baxımından mühüm addım olardı.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza çıxış edib kitab haqda öz təssüratlarını bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə