Bahar Muradova: “Minsk qrupu ölkələrinin bəyanatı münaqişənin həlli üçün son dönüş nöqtəsi deyil” - MÖVQE

Minsk qrupu ölkələrinin Qarabağ münaqişəsi ilə bağlı bəyanatı 2012-ci ildə münaqişənin həlli istiqamətində işlərin hansı istiqamətdə aparılacağını göstərir. Bunu SİA-nın sualına cavabında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib: "Düşünürəm ki, əvvəlki qaydada danışıqların davam etdirilməsi və münaqişənin yalnız sülh yolu ilə həll olunmasının vurğulanması tutulmuş kursun davam etdiriləcəyini göstəricisidir. Bu bəyanat danışıqlar prosesini irəli aparmaqda olan növbəti bir mərhələrdir, amma özü özlüyündə münaqişənin həlli üçün son dönüş nöqtəsi deyil".

Ermənistan və Azərbaycanda keçiriləcək seçkilərin Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinə təsir edəcəyi barədə beynəlxalq ekspertlərin mülahizələrinə münasibət bildirən B.Muradova özü-özlüyündə bu fikirlərin əsası olduğunu deyib. Onun sözlərinə görə, əvvəlki seçkilər də göstərir ki, seçkilər münaqişənin həllində durğunluq yaradır: "Həmsədrlər problemi seçkilərə qədər həll etməyə çalışmalıdırlar. Azərbaycan tərəfdən hər hansı problem yoxdur. Ermənistan tərəfi isə danışıqları yubadır".

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın atəşkəslə bağlı monitorinqlərin keçirilməsinə mane olması barədə fikirləri barədə danışan MM sədrinin müavini "Nalbandyan indiyə kimi dəfələrlə təzadlı fikirlər səsləndirib, onun fikirlərinə münasibət bildirmək düzgün deyil", - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə