Davud Rəhimov: \"Ölkəmizdə 58 min qayğıya ehtiyacı olan əlil uşaq var\" - MÜNASİBƏT
Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər görülür. SİA-nın verdiyi xəbərə görə, hazırda dünyada 1 milyard əlil insan var ki, bunlardan da 150 milyondan çoxu xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlardır.
Azərbaycanda isə bu gün 500 min nəfər əlil var. Bunların müəyyən hissəsi əmək pensiyası, digər qismi isə sosial müavinətlə dolanır.
Ölkəmizdə 58 min qayğıya ehtiyacı olan əlil uşağın olduğunu deyən əlil təşkilatları ittifaqının rəhbəri Davud Rəhimov həmin uşaqların bu gün təhsilə cəlb edilməsinin ölkəmiz üçün vacib olduğunu vurğulayıb. "Onlardan 6000-i inklyuziv təhsilə cəlb olunub. Lakin 11000-i evdə təhsil alır. 30 000-ə yaxın əlilliyi olan uşaq isə təhsildən hələ də kənarda qalıb".
Nazirlər Kabineti isə bu il əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi barədə dövlət proqramını təsdiqləyib. Proqramda əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə bağlı müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin Davud Rəhimov hesab edir ki, yeni proqram əlillərin həyat şəraitinin yaxsılaşdırılmasına kömək edəcək. Çünki hazırda əlil insanların küçə və parklarda sərbəst gəzməsi üçün heç bir şərait yoxdur: "Əlillər üçün yol keçidlərində heç bir işıqforlar yoxdur. Yeraltı və yerüstü piyada keçidlərində də müəyyən qurğular quraşdırılmalıdır ki, əlillər yolu keçmək üçün onlardan asanlıqla istifadə edə bilsinlər".
Qeyd edək ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş \"Əlillərin hüquqları haqqında\" Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulub. Bu Konvensiyaya qoşulan ölkələr əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin hüquqlarını və azadlıqlarını təmin etməyə borcludurlar. Azərbaycan tərəfi də sözügedən Konvensiyanın tələblərinə ciddi şəkildə əməl edir.
Konvensiyanın tələblərinə uyğun olaraq ölkədə bir sıra işlər görülüb. 2009-cu ildə isə əlillərin hüquqlarının beynəlxalq standartlar səviyyəsində təmin olunması məqsədi ilə 2009-2012-ci illəri əhatə edən dövlət proqramı layihəsi hazırlanıb. Proqramda əlillərin müalicəsi, məşğulluğu, sosial problemlərinin həlli, onlara kreditlərin və subsidiyaların verilməsi nəzərdə tutulur.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB