YAP Sabunçu rayon təşkilatının VIII konfransı keçirilib

YAP Sabunçu rayon təşkilatının VIII konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları öncə rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, büstün önünə tər çiçək dəstələri düzüblər.
SİA-nın verdiyi məlumata görə, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva hesabat məruzəsi ilə çıxış edib. M.Abasquliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin həyat yolu keçmiş, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib.
Konfrasın işində iştirak edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova partiyanın Sabunçu rayon təşkilatına fəaliyyətində uğurlar arzulayıb. B.Muradova bildirib ki, ölkəmizin 20 illik müsətiqillik tarixində YAP öz sözünü demiş siyasi təşkilatdır. Məhz bu tarix 19 ildir ki, Yeni Azərbaycan Partiyası ilə addımlayır. "Mənim üçün bütün titullardan üstün YAP-ın üzvü olmağımdır. Çünki bu partiya Heydər Əliyevin partiyasıdır. Yəqin ki, partiyanın hər bir üzvü də bununla fəxr edir. Partiyamız bütün fəaliyyətində Azərbaycanın gələcəyi naminə öz üzərinə düşən vəzifələri yerinə yetirir. Ölkəmizin qazandığı bütün uğurlarda YAP-ın imzası var"- deyə vitse-spiker vurğulayıb.
Konfransda YAP Siyasi Şurasının üzvü, Sabunçu rayon İcra hakimiyyətinin başçısı Əlibala Əliyev və Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev çıxış edərək partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndiriblər.
Konfransda müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb. Mehriban Abasquliyeva yenidən YAP Sabunçu rayon təşkilatının sədri seçilib.
Konfrans həmçinin YAP Sabunçu rayon təşkilatının yeni tərkibdə şura və idarə heyətini müəyyənləşdirib.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə