Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarə müddəti 2012-ci ildə bitəcək. İcarədar tərəf Rusiya bu müddətin 2025-ci ilə qədər uzadılmasını istəyir. Məlumata görə, icarə müddətinin uzadılması məsələsini müzakirə etmək məqsədilə Rusiyadan Azərbaycana xüsusi işçi komissiya gələcək. Stansiyanın icarəyə verilməsinin maliyyə tərəfi də hələlik həllini tapmayıb. Rusiya Müdafiə, Xarici İşlər və Sənaye və Ticarət nazirliklərinin nümayəndələrindən ibarət işçi komissiya Bakıya səfər zamanı bu məsələni də razılaşdırmalıdır. "Kommersant" qəzeti isə Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Azərbaycan müddətin uzadılacağı təqdirdə icarə haqqının bir il üçün 7 milyon dollardan 15 milyon dollara qaldırılmasını istəyir. Lakin bu məbləğ Rusiya tərəfini qane etmir. Hazırda isə stansiyada əsaslı yenidənqurma işləri aparılır, avadanlıqlar, antenalar dəyişdirilir. Bununla əlaqədar olaraq RLS fəaliyyətini qismən davam etdirir. Stansiyanın 2013-cü ilə qədər ən müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur ki, bu da öz növbəsində RLS-in imkanlarını klassik stansiyalarla müqayisədə bir neçə dəfə artırmış olacaq. Eyni zamanda stansiyanın ətraf mühitə təsiri minimuma endiriləcək. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov SİA-ya açıqmasında deyib ki, Stansiyasının fəaliyyəti ilə nəticələr qeyri-standart avadanlıqlarla tədqiq olunub. Belə ki, hansısa ərazidə elektromaqnit sahəsinin təsiri ilə bağlı dəqiq informasiya verilməsi üçün beynəlxalq standartlara, sertifikata malik olan avadanlıqlarla tədqiqat aparılmalıdır. Adil Qəribov hesab edir ki, Stansiyanın 2013-cü ilə qədər ən müasir avadanlıqlarla təchiz edilsə belə yenidən Azərbaycan və Rusiya alimlərinin birgə iştirakı ilə geniş ekspedisiya keçirilməlidir.
Qəbələ RLS-in ətrafa zəif elektromaqnit dalğaları yaydığını deyən alim bildirib ki, müasir həyatın hər bir sahəsində bu cür dalğalar mövcuddur. Onun sözlərinə görə, həmin şüaların ətrafa yaydığı radiasiya nüvə enerjisi sahəsində olan radiasiya ilə müqayisədə olduqca zəifdir
Qeyd edək ki, Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Rusiya tərəfindən cənub istiqamətində kosmik-hava məkanına nəzarət etmək və İran, Pakistan, Hindistan kimi ölkələrdən ballistik raketlərin mümkün buraxılması barədə xəbərdarlıq etmək üçün istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB