Azərbaycanın ATƏT-dəki nümayəndəsi: “Status-kvonun saxlanılması Ermənistanın marağındadır”

Azərbaycanın ATƏT-dəki nümayəndəsi: “Status-kvonun saxlanılması Ermənistanın marağındadır”

ATƏT-in Minsk qrupu həmsədrlərinin hesabat çıxışından sonra Vyanada ATƏT-in Daimi Şurasında təşkilat üzvü olan ölkələrin nümayəndələri çıxış ediblər. Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov da Azərbaycan Respublikasının münaqişə ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yalnız Azərbaycanın deyil, eyni zamanda Avropanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. "Çünki iqtisadiyyatı sürətlə inkişaf edən, Avropanın etibarlı tərəfdaşına çevrilən və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Azərbaycan son dövrdə təhlükəsizlik istehlakçısından təhlükəsizlik istehsalçısına çevrilib. Bu baxımdan Azərbaycanın ərazi bötüvlüyünün bərpa edilməsi ATƏT-ə üzv ölkələr üçün də fövqəladə dərəcədə mühüm məsələ olmalıdır", - Qalib İsrafilov deyib.


Danışıqların gedişinə toxunan daimi nümayəndə həmçinin bildirib ki, hazırkı status-kvonun saxlanılması Ermənistan tərəfinin marağındadır və bu dövlət heç bir şərtlə həmin status-kvonu dəyişmək niyyətində deyil: "İşğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin məhv edilməsi, abidələrin dağıdılması, bu ərazilərin Ermənsitan tərəfindən məskunlaşdırılması, təbii sərvətlərin amansızcasına talan edilməsi Ermənistanın bu niyyətini bəyan edən siqnallardır".


Azərbaycan səfiri qeyd etmişdir ki, etimad quruculuğu tədbirləri status-kvonun möhkəmlənməsinə xidmət etməməli, əksinə, işğal olunmuş ərazilərimizin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiya olunmasına töhfə verməlidir. Xüsusilə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında görüşün təşkil edilməsinə dair təklif irəli sürülüb və ATƏT-ə üzv dövlətlər və həmsədrlər bu humanitar xarakterli etimad quruculuğu tədbirini dəstəkləməyə cağırılıb. Bundan əlavə, hərbi sahədə etimad quruculuğu tədbiri qismində işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının vacibliyi qeyd olunub.


Azərbaycan tərəfinin konstruktiv yanaşması ATƏT-ə üzv dövlətlər tərəfindən müsbət qarşılanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə