Türkiyənin keçmiş Prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin keçmiş Prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyub, ruhuna dualar oxuyub.

SİA-nın verdiyi məlumata görə, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Süleyman Dəmirəl 1918-ci ildə Azərbaycanda və paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə əklil qoyub.

\"Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir\". Bu sözləri Fəxri xiyabanda Süleyman Dəmirəl jurnalistlərə açıqlamasında deyib.

S.Dəmirəl bildirib ki, ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın əziz xatirəsi bütün türk xalqının qəlbində əbədi yaşayacaqdır. Türk xalqı heç vaxt onları unutmayacaqdır. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi şəxsiyyət ilə hər zaman fəxr etməlidir. O, Azərbaycanın ən böyük övladıdır.

S.Dəmirəl deyib: "Bu gün Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Arzu edirəm ki, Azərbaycan dövlətinin yolu hər zaman açıq olsun".


Bütün xəbərlər Facebook səhifəmizdə