SAM-ın eksperti: “Türkiyənin Rusiya ilə ləğv etdiyi sazişin alternativi Yaxın Şərq dövlətləridir”

SAM-ın eksperti: “Türkiyənin Rusiya ilə ləğv etdiyi sazişin alternativi Yaxın Şərq dövlətləridir”

Türkiyə Rusiya ilə 25 il bundan əvvəl imzalanmış qaz müqaviləsinə xitam verdikdən sonra qardaş ölkənin qazı hansı ölkədən alacağı ilk ağla gələn fikirlərdəndi. Köhnə qitənin Böyük dövləti olan Türkiyənin 25 yaşlı sazişə yox deməsi rəsmi Ankaranı 30 mlrd kub metr qazdan məhrum etdi. Növbəti addım itirilən enerjinin bərpasıdır. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə eksperti Cavid Vəliyev hesab edir ki, müqaviləyə xitam verilməsinin həm iqtisadi, həm də siyasi motivi mövcuddur. Belə ki, rəsmi Ankara ləğv etdiyi sazişin alternativi mövcud olduğu üçün bu addımı atıb. Söhbət Yaxın Şərq dövlətlərindən gedir. Məhz buna görə, Türkiyə Yaxın Şərqdə aktiv oyunçuya çevrilib.

Siyasi aspektə gəlincə ekspert deyir ki, iki dövlət arasında gərginləşmə Türkiyənin ABŞ-ın NATO bayrağı altında Avropada qurmaqda olduğu raket əleyhinə müdafiə sisteminin erkən xəbərdarlıq radarını öz ərazisində yerləşdirilməsinə razılıq verməsindən sonra yarandı. Belə ki, ABŞ hahkimiyyəti NATO-nun raket hücumundan müdafiə sisteminin Rusiya üçün təhlükə təşkil etmədiyini bildirsə də, Vaşinqton Moskvanın Avropada ümumi RƏM sistemi yaratmaq təklifindən qəti şəkildə imtina edir ki, bu da ruslarını şübhəsini artırır.

Rusiyalı hərbi ekspertlərə görə, ABŞ-ın Türkiyədə və Avropanın cənub-şərqində yerləşdirəcəyi radiolokasiya sistemi Uraladək olan böyük bir ərazini əhatə etməklə Rusiyanın bütün hərbi potensialını müşahidə altında saxlamağa imkan yaradacaq. Bu zəmində Rusiya enerji ehtiyatları hesabına Türkiyəni asılı salmaq istəyərək ABŞ-a cavab vermək istəyirdi. Nəticə ortadadır. Cavid Vəliyev həmçinin vurğulayıb ki, Türkiyənin Enerji və Təbii sərvətlər naziri Taner Yıldızın bəyanatı Rusiya ilə Türkiyənin birgə tikmək istədikləri Atom elektrik Stansiyasının gələcək müqəddaratını da sual altına qoyur.

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii sərvətlər naziri Taner Yıldız Rusiyadan təbii qazın qiymətinə endirim etməsini istədiklərini, ancaq Moskvanın bu istəyi qəbul etmədiyi üçün müqaviləni ləğv etdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə