Aydın Quliyev: “Artıq jurnalistikanın inkişafında növbəti bir həmrəylik mərhələsi başlayıb” - MÖVQE

Aydın Quliyev: “Artıq jurnalistikanın inkişafında növbəti bir həmrəylik mərhələsi başlayıb” - MÖVQE

"Azərbaycanda jurnalistlərin birliyini, həmrəyliyini 10 il əvvəlki dövrlərlə müqayisə etmək olmaz. Bu sahədə yaxşı mənada xeyli irəliləyişlər var". Bu barədə SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O bildirib ki, jurnalistika, qəzetçilik illər öncə ancaq formalaşma mərhələsində idi və hər kəs öz qəzetinin, televiziyasının, agentliyinin formalaşması üzərində işləyirdi və həmrəylik məsələsi bir növ ikinci planda idi. Onun sözlərinə görə, illər ərzində qəzetlər, agentliklər, televiziyalar, radiolar müəyyən bir forma alandan sonra artıq KİV-də, jurnalistikanın inkişafında növbəti bir həmrəylik mərhələsi başlayıb. Bu da Azərbaycan jurnalistikasında yeni bir mərhələnin təzahürüdür, deyən A.Quliyev vurğulayıb ki, bu gün Azərbaycanda jurnalistikanın, qəzetlərin, televiziyaların qarşısında oxşar vəzifələr dayanır. Onun fikrincə, vəzifələrin, funksiyaların oxşar olması onların arasında müəyyən həmrəylik yaradır.

"Bu gün artıq hamı dərk edir ki, Azərbaycanın inkişafı mətbuat, söz, özünüifadə azadlığı ilə üzvü şəkildə bağlıdır. Yəni söz, mətbuat azadlığı həm də jurnalistlərin özünü qorumaq məqsədi ilə onların həmrəyliyini gerçəkləşdirir. Amma jurnalistlər arasında onların fəaliyyətini koordinasiya edən müxtəlif qurumların işi isə bu və digər dərəcədə mübahisəli qarşılana bilər. Yəni, jurnalistlərin fəaliyyətini koordinasiya edən qurumların fəaliyyəti, bəzi təşkilatlar, qəzetlər tərəfindən məqbul, bəziləri tərəfindən is qeyri-məqbul qarşılanır. Amma bu ikinci dərəcəli məsələdir. Birinci məsələ jurnalistlərin özünün əsas təhdid silahı olan söz, mətbuat azadlığının ətrafında bu gün həmrəylik var. Çünki hamı başa düşür ki, bunu qoruya bilməsək jurnalistlərin heç biri özü-özünün saxlaya bilməz, yəni jurnalistika bir sənət kimi mövcud ola bilməz", - deyə A.Quliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə