Türkiyənin Azərbaycandakı səfirliyi BAXCP sədrinin fikirlərinə münasibət bildirib

Türkiyənin Azərbaycandakı səfirliyi BAXCP sədrinin fikirlərinə münasibət bildirib

Türkiyənin Azərbaycandakı səfirliyi BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin bu ölkənin ünvanına səsləndirdiyi fikirlərlə bağlı mətbuat üçün açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən SİA-ya daxil olan açıqlamada bildirilir ki, son zamanlarda bir müxalifət partiyası sədrinin Türkiyəni hədəf alan təşəbbüsləri və açıqlamaları və bu çərçivədə bəzi mətbuat-yayım orqanlarında yer alan xəbərləri, şərhləri təəssüf hissi ilə izləyirlər: "Bütün bunları, yersiz, ciddiyyətdən və səmimiyyətdən uzaq və ictimai rəyi yanlış yönləndirmə məqsədinə xidmət etdiyini hesab edirik. Millətimizin xeyrinə olmayan bir məsələdə polemikaya girmək istəmirik.

İki ölkənin Liderləri, qardaşlıq və dostluq anlayışı və ruhu ilə gündəmdəki bütün mövzuları və məsələləri açıq və səmimi şəkildə müzakirə edirlər. Hansısa məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi və müzakirə olunması dövlət ənənəmizdə mövcud deyil. Hələ qardaş və dost ölkələrin aralarında yarana biləcək məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi xalqlarımızı narahat edir və üzür.

Qardaş Azərbaycandakı millət vəkillərinə Türkiyənin millət vəkilləri kimi baxırıq. Onları tanıyır və siyasi həyatlarını bilirik. Millətimizə səmimi olaraq xidmət edən, iki ölkə arasındakı münasibətlərin inkişafına və iki ölkə xalqları arasındakı qardaşlıq və həmrəylik bağlarının güclənməsinə öz töhfəsini verən məsuliyyət sahibi millət vəkillərinə təşəkkürümüzü bildiririk.

Türkiyə, Azərbaycan yenidən müstəqillik əldə etdiyi gündən indiyə qədər Azərbaycanın inkişafı, güclənməsi üçün əlindən gələni əsirgəməyib, problemlərini öz problemləri hesab etmiş, bunların həlli üçün hər platformada yanında olub.

Məsələləri qarışdıraraq və öz nöqteyi-nəzərindən şərh edərək, Türkiyədəki qardaş xalqın PKK terrorundan çəkdiyi acıların diqqətə alınmamasını və buna laqeyd münasibət göstərilməsini qınayırıq".

Səfirlikdən qeyd ediblər ki, Türkiyənin Ermənistan ilə diplomatik münasibətləri yoxdur: "İki ölkə arasındakı sərhəd qapısı 18 ildir qapalıdır. Bu səbəbdən Türkiyənin bu ölkə ilə rəsmi ticarət əlaqələri mövcud deyil. Türkiyənin 18 ildir yeritdiyi Dağlıq Qarabağ siyasəti və liderlərimizin türk və beynəlxalq ictimaiyyəti üçün verdiyi açıqlamalar ortadadır. Ən son cənab baş nazirimizin keçən ay Azərbaycana etdiyi səfərdə Bakıda verdiyi açıqlamalar hafizələrdən silinməyib. İki ölkə arasındakı qardaşlıq, dostluq və həmrəylik münasibətlərinə zidd olan bu cür təşəbbüslər, açıqlamalar və şərhlər, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir Millət, İki Dövlət" kəlamına uyğun gəlmir. Türk hökumətləri və xalqı, Ulu Öndər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamına əsaslanaraq hərəkət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə