Sahibə Qafarova: “Fransız parlamentariləri bir sıra hallarda öz ölkələrinin deyil, ermənilərin maraqlarından çıxış edirlər”
"Hansısa fransız ermənipərəst parlamentarilərin Dağlıq Qarabağa səfəri Fransanın münaqişəyə rəsmi münasibətini göstərmir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova Fransa parlament üzvlərinin Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, təəssüf ki, bəzi fransız siyasətçilərinin ermənipərəst mövqeyindən çıxış etməsi artıq ənənəyə çevrilib. Belə ki, onlar hətta bir sıra hallarda öz ölkələrinin deyil, ermənilərin maraqlarından çıxış edirlər: "Biz bunu fransız parlamentarilərin Avropa Şurası Parlament Assambleyasındakı çıxışlarında və davranışlarında da müşahidə etmişik. Şübhəsiz ki, bu, nə Azərbaycan və Fransa arasında mövcud olan yüksək münasibətlərin ruhuna, nə də adi siyasi etikaya sığır. Nəzərə alsaq ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç üzvündən biridir, onda Azərbaycan cəmiyyətinin bu kimi hadisələrə narazalığını haqlı qəbul etmək lazımdır. O cümlədən, rəsmi Bakı da çox düzgün olaraq, bu ölkənin Xarici İşlər Nazirliyinə etirazını bildirərək, bu kimi hallara son qoyulmasına çağırıb" - deyə Sahibə Qafarova vurğulayıb.
Ümumiyyətlə isə millət vəkili hesab edir ki, bu kimi arzuolunmaz addımların olmasına baxmayaraq, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağı da ölkəmizin ayrılmaz tərkib hissəsi kimi qəbul edir və münaqişə də məhz bu prinsip çərçivəsində həllini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB