İranın müsəlman həmrəyliyindən, birliyindən danışmağa haqqı çatmır - MÜNASİBƏT

İranın müsəlman həmrəyliyindən, birliyindən danışmağa haqqı çatmır - MÜNASİBƏT

Dövlət səviyyəsində terrorizmi dəstəkləyən, işğaçılıq siyasəti yürüdən Ermənistana İran bu gün qucaq açır. Təbii ki, bu faktın mövcudluğu fonunda İranın sadəcə, müsəlman həmrəyliyindən, birliyindən danışmağa heç bir haqqı çatmır. İran zaman-zaman Azərbaycan dövlətinin əleyhinə anti-təbliğat yürüdüb. Rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlı tərəf kimi cıxış edib. Münaqişənin 20 il boyunca davamı İranın və Ermənistanın yetərli qədər maraqlarına uyğun gəlir. Əgər İran həqiqətən də sözdə dediyi ki, əməldə də müsəlman birliyinin tərfdarı olsa idi işğalıçı erməniləri deyil, məhz müqəddəs islam dini altında birləşdikləri Azərbaycanı müdafiə edərdi. Söhbət etdiyimiz millət vəzkilləri və politoloqlar İranın bəzi rəsmi şəxslərinin Azərbaycan dövlətinə qarşı səsləndirdkləri məsuliyyətsiz fikirləri açıq-aşkar qərəzkarlıq kimi dəyərləndirdilər.

Rasim Musabəyov, millət vəkili:


- Məlum məsələdir ki, İran İslam Respublikasını Azərbaycanın inkişaf etməsi narahat edir. Bu gün Azərbaycan bütün sahələrdə uğurlu nailiyyətlər əldə edir, dünyada söz və nüfuz sahibinə cevrilir. Təbii ki, ölkəmizin qısa zaman kəsiyində belə tez uğur və nailiyyət qazanması İranı, Ermənistanı narahat etməyə bilməz. İranın Azərbaycanla bağlı tutduğu mövqe qərəzli və düşünülmüş addımdır. İran Azərbaycanı özündən tam asılı vəziyyətə salmağa çalışır. Düşünür ki, bu yolla hansısa çirkli niyyətinə nail olacaq. Bizə qarşı səsləndirilən bu ittihamlar tamamən yersiz və əsassızdır. İslamdan, həmrəylikdən, müsəlmançılıqdan pafosla danışan İran dövlətinin bəzi dairələri qondarma "Dağlıq Qarabağ Respublikası"nın separatçılarını, eləcə də, Ermənistan hakimiyyətini dəstəkləyir, maddi köməklik göstərir və silah-sursatla yetərli qədər təmin edir. Budur, İranın din oyunbazlığı. İran din pərdəsi altında hələ çox təxribatlara imza atacaq.


Mübariz Əhmədoğlu, politoloq:


- Artıq İranın demək olar ki, dünyada heç bir hörməti yoxdur. İran ordusunun baş qərargah rəisi düşünür ki, verdiyi sərsəm, əsassız bəyanatla Azərbaycanın imicinə hansısa bir xələl gətirilməsinə nail olacaq. Amma İranın rəsmi dairələri yanılırlar. Firuzabadinin dilindən səsləndirilən həmin fikirlər İranın onsuz da olmayan imicinə bir daha kölgə vurdu. Əslində, belə bəyanatlar vermək Firuzabadinin səlahiyyətləri çərçivəsindən kənar ola bir məsələdir. O, daha çox öz vəzifə səlahiyyətlərini yerinə yetirsə yaxşı olar. Rəsmi Tehran düşünür ki, Azərbaycan əleyhinə yönəlmiş belə bəyanatla ictimai cəmiyyətdə bir ajiotaj yaradacaq. Lakin burada uduzan elə rəsmi Tehran özü oldu. İran bütün iyrənc vasitələrdən istifadə edərək çalışır ki, hansısa məqamda Azərbaycanı özündən asılı etsin. Nə qədər ki, Azərbaycana Prezident İlham Əliyev rəhbərlik edir, heç zaman Azərbaycan sarsılmayacaq və yenilməyəcək. Azərbaycan həm müstəqil, demokratik, hüquqi-dünyəvi, həm də çox müasir bir ölkədir. Azərbaycana gələn İran vətəndaşları ölkəmizin nə qədər yaraşıqlı, müasir, inkişaf etdiyini bildirirlər. Və bir daha öz vətəninə-İrana geri dönmək arzusunda olmurlar.


Rüstəm Məmmədov, politoloq:


- Təbii ki, İran İslam Respublikası heç zaman Azərbaycan yönümlü olmayıb. Əksinə, çalışıb ki, hər dəfə Azərbaycanı sarsıdacaq, imicinə kölgə vuracaq fikirlər bildirsin. Hər zaman Azərbaycanla apardığı siyasətdə xudpəsəntlik ideyasını üstün tutub. Onsuz da İranın parçalanmasına cox zaman qalmayıb. Rəsmi Tehran çox çalışır ki, Azərbaycanın Qərblə əlaqələrini tamamən üzsün və sırf islamçılıq dəyərləri üzərində qurulmuş bir dövlət yaratsınlar. Doğrudur, Azərbaycan islam yönümlü dövlətdir. Lakin Azərbaycanda islam dəyərləri ilə Avropa dəyərlərini müqayisə edəndə, Azərbaycan təbii ki, Avropa dəyərlərinə üstünlük verir, bu da təbiidir. İran Azərbaycanı özləri kimi bir dövlətə çevirmək iddiasında və ölkəmizi idarə etmək arzusundadırlar. Bu arzu isə xülya olaraq qalacaq.


AYLANA RZAYEVA


Bütün xəbərlər Facebook səhifəmizdə