Araz Əlizadə: “Ayaz Mütəllibov Azərbaycan prezidentinin humanistliyi nəticəsində Bakıya gəldi”
\"Ayaz Mütəllibovun Azərbaycana qayıtması üçün dövlət başçısı İlham Əliyevə müraciət edilib\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib: "Prezident böyük humanistlik göstərib bu icazəni verdi. Azad Mütəllibov uzun müddət idi ki, xəstə idi. Bu icazə oğlunun vəziyyəti kritik həddə çatmazdan əvvəl verilmişdi. Sadəcə, Ayaz Mütəllibovun Azərbaycana qayıtması üçün fürsət olmamışdı".
Oğlunun yas mərasimində iştirak etmək üçün Azərbaycana qayıdan Ayaz Mütəllibovun toxunulmazlığının dövlət səviyyəsində təmin olunduğunu deyən Araz Əlizadə Ayaz Mütəllibovun üzərində olan cinayət işi barədə verilən sualı da cavablandırıb: "Milli Məclisin payız sessiyasında eks-prezidentlərin statusu ilə bağlı qanun qəbul ediləcək və bu məsələ də öz həllini tapacaq. Hazırda isə Ayaz Mütəllibovun toxunulmazlığı dövlət səviyyəsində təmin olunub. Təmin olunmasaydı, o, hava limanında həbs olunardı".
A. Əlizadə həmçinin Heydər Əliyev Fondunun Ayaz Mütəllibovun müalicə olunması üçün vəsait ayırdığını da bildirib: "Mən atılan humanist addımlara görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, prezident İlham Əliyevə Ayaz Mütəllibovun, ailəsinin, özümün, partiyamızın adından təşəkkür edirəm. Həmçinin biz Azərbaycanın Rusiyadakı səfirliyinə təşəkkür edirik. Səfirlik yaxşı işlədi və lazım olan sənədləşmə işlərini həll etdilər. Ayaz Mütəllibov Azərbaycan prezidentinin humanistliyi nəticəsində Bakıya gəldi və oğlunu son mənzilə yola salmaq fürsəti əldə etdi. Mən arzu edirəm ki, bu humanist addımlar bundan sonra da davam etsin. Biz bir xalqın övladlarıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB