Hulusi Kılıç: “İlin sonuna qədər Türkiyədə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək”

Hulusi Kılıç: “İlin sonuna qədər Türkiyədə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək”

"Baş nazir Ərdoğanın səfəri Türkiyənin Azərbaycana böyük önəm verdiyini göstərir və tarixi əhəmiyyət daşıyır". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, baş nazirin Bakı səfəri çox uğurlu keçib, tərəflər arasında bir çox mövzular müzakirə olunub və həllini tapıb: "Ərdoğan Türkiyədə parlament seçkisindən sonra iyulun 27-də ikinci rəsmi səfərini Azərbaycana edib. Baş nazir Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin görüşündə ikitərəfli əlaqələr, iqtisadi məsələlər, Dağlıq Qarabağ münaqişəsinin həlli, ticarət və iqtisadi sahədə əlaqələr müzakirə olunub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollara çatmışdı. İlin sonuna kimi ticarət dövriyyəsinin 3 milyard dollara çatacağı proqnozlaşdırılır.

Görüşmənin önəmli məsələlərindən biri Dağlıq Qarabağ məsələsi idi. Baş nazir Ərdoğana son durumla bağlı məlumatlar verildi. Biz 18 il əvvəl Ermənistanla sərhədi Azərbaycan torpaqlarını işğal etməsinə görə bağladıq. Bu küçə qapısı deyil. Biz istəyirik ki, problem həll olunsun. Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. Türkiyə-Ermənistan probleminin həlli üçün Ermənistanla Azərbaycan arasındakı problemin həlli lazımdır".

Səfir Hülusi Kılıç bildirib ki, görüşdə ticarət anlaşması ilə bağlı sazişin imza üçün hazırlanması barədə qərar qəbul edilib. Vizanın Azərbaycan tərəfdən ləğvi məsələsinə toxunan səfir onu da qeyd edib ki, Azərbaycan viza rejimini ləğv etməyə hazır deyil və Türkiyə Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşır: "Ümid edirik ki, tez bir zamanda - bir-üç ay müddətində viza rejimi ləğv olunacaq\".

Səfir həmçinin vurğulayıb ki, əldə olunmuş qərara əsasən ilin sonuna qədər Türkiyədə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.

Terrorla bağlı xüsusi müzakirələrin aparıldığını deyən səfir prezident İlham Əliyevin PKK terror təşkilatı ilə bağlı sərgilədiyi mövqedən razı qaldıqlarını dilə gətirib.

Bəzi KİV-lərdə Qəbələ Radiolokasiya Stansiyasının (RLS) birgə istifadəsinə Türkiyənin maraqlı olması barədə yayılan xəbərlərə münasibət bildirən səfir bu məsələnin Türkiyənin planında olmadığını deyib. Səfir bildirib ki. Ankara bu stansiyanın istifadəsində iştirak etmək niyyətində deyil: "Bu məsələ səfər çərçivəsində müzakirə olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə