“Beynəlxalq ictimaiyyət 13 yaşlı uşağın ermənilər tərəfindən terrora məruz qalmasına ən ciddi şəkildə reaksiya bildirməlidir”-MÖVQE
\"Erməni vəhşiliyinin ən eybəcər formalarından biri də onların uşaq qatili adını öz üzərlərinə götürmələridir\". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Tovuzun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın əlində ermənilər tərəfindən Tovuz çayına atılmış partlayıcı maddə yerləşdirilmiş oyuncağın partlaması nəticəsində həlak olması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ermənilər birinci dəfə deyil ki, azərbaycanlı körpələri qətlə yetirirlər. Ermənilərin bundan əvvəl bu il 11 yaşlı Fariz Bədəlovu snayper gülləsi ilə qətlə yetirdiklərini deyən Ə.Əhmədov vurğulayıb ki, əvvəlki illərdə də Azərbaycanda ermənilərin uşaqları çox iyrənc formada qətlə yetirməsi faktları qeydə alınıb: "Bu ondan xəbər verir ki, ermənilər ən çirkin formada, hətta uşaqlara qarşı da terror törətməkdən çəkinmirlər. Güman edirəm ki, azərbaycanlı uşağa qarşı törədilmiş sonuncu qətl hadisəsi ermənilərin bu hərəkətlərinin beynəlxalq icma tərəfindən ən kəskin şəkildə mühakimə olunması üçün çox ciddi əsaslar yaradır. Burada söhbət təkcə erməni tərəfinin danışıqlarda qeyri-konstruktiv davranaraq işğal etdikləri torpaqları azad etməkdən boyun qaçırmasından getmir. Bu həm də ermənilərin danışıqlar prosesini pozmaq üçün ən iyrənc üsullara belə, əl atmağa hazır olduqlarını ortaya qoyur".
Partiya funksioneri qeyd edib ki, istər münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də beynəlxalq ictimaiyyət 13 yaşlı uşağın ermənilər tərəfindən terrora məruz qalmasına ən ciddi şəkildə reaksiya bildirməlidir. Onun sözlərinə görə, bu hərəkət diqqətlə araşdırılmalı, uşaq qatilinə çevrilən konkret insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, onlar bir daha uşaq qətlini, belə çirkin hərəkətlərini həyata keçirə bilməsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB