Fikrət Sadıqov: “Ermənistana birmənalı şəkildə təzyiq göstərilməlidir” - MÜNASİBƏT

Fikrət Sadıqov: “Ermənistana birmənalı şəkildə təzyiq göstərilməlidir” - MÜNASİBƏT

"Azərbaycan ictimaiyyəti hər zaman hansısa sammit öncəsi müəyyən ümidlərlə yaşayır\". SİA-nın xəbərinə görə, bu sözləri millət vəkili Fikrət Sadıqov Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin Kazanda nəzərdə tutulan görüşünə münasibət bildirərkən deyib. Onun sözlərinə görə,Həştərxan, Soçi görüşləri müəyyən nəticə vermədi, çünki münaqişənin həllində çətin məsələlər var: "Bütün məsələləri həll etmək olar. 20, 50, 100 maddədən ibarət sazişə imza atmaq olar. Yalnız bir məsələdən başqa. Bu Dağlıq Qarabağın statusu ilə bağlıdır. Hamıya bəllidir ki, ermənilər Dağlıq Qarabağın müstəqilliyinə təkid edirlər. Azərbaycan isə buna heç zaman getməməlidir".

Politoloq hesab edir ki, böyük dövlətlər Ermənistana real təsir göstərməyincə Dağlıq Qarabağ münaqişəsi də öz həllini tapmayacaq: "Bu birinci məqamdır. Digər tərəfdən Kazan görüşü müəyyən hadisələr fonunda baş verir. Birincisi, üç böyük dövlətin Dovil bəyanatıdır. Düzdür, orada Ermənistanın ünvanına hər hansı sərt fikir səsləndirilməyib. Ancaq orada belə bir cümlə var ki, Dağlıq Qarabağın statusu əbədi olaraq həll olunmamış qala bilməz. Bu məsələ tezliklə həllini tapmalıdır. Hesab edirəm ki, bəyanatdakı bu məqam tamamilə Azərbaycanın xeyrinədir. Başqa bir məqam Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-da dövlət katibi Hillari Klintonla keçirdiyi görüşdən sonra rəsmilərin səsləndirdiyi bəyanatdır. Burada da açıq-aşkar deyilib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalı, bu məsələyə nöqtə qoyulmalı və saziş imzalanmalıdır. Bundan sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin də görüşü olub. Həmin görüşün yekunu olaraq verilən bəyanatda da müəyyən ümidverici məqamlar var. Nəhayət, Elmar Məmmədyarovun isveçrəli nazirlə görüşü zamanı səsləndirdiyi fikirləri də diqqətdən kənarda saxlamaq olmaz. E.Məmmədyarov bildirib ki, tərəflər arasında müəyyən yaxınlaşma var. Bilmirəm bu ifadənin arxasında nələr dayanır. Yalnız onu deyə bilərəm ki, Ermənistana birmənalı şəkildə təzyiq göstərilməsə, bu dövlət heç zaman Dağlıq Qarabağdakı işğalçı qüvvələrini oradan çıxarmayacaq və həmin əraziləri Azərbaycana verməyəcək. Dağlıq Qarabağın statusu da bu səbəbdən havadan asılı vəziyyətdə qalacaq. Nəticədə isə bu məsələ uzun illər müzakirə predmeti olacaq."

Fikrət Sadıqov həmçinin Türkiyədə parlament seçkilərindən sonra ölkə daxilidə yarana biləcək siyasi vəziyyətə də münasibət bildirib: "Türkiyədəki seçkilərdə hakim partiya öz mövqeyini daha da gücləndirdi. Amma eyni zamanda Ərdoğanın partiyasına rəqib olan Cümhuriyyətçi Xalq Partiyası da müəyyən səs qazandı parlamentdə. Reallıq ondan ibarətdir ki hakim partiya demokratik yolla hakimiyyətə gəlir və parlamentdə səs qazanıb. Bu o deməkdir ki, Türkiyə vaxtı ilə mövcud olmuş dekorativ demokratiyadan normal demokratik bir düzənə keçir. Bəlkə də Türkiyədəki islamçılıq ideyaları kimləri isə qorxudur, lakin reallıq budur ki, xalq seçimini edib. Ərdoğanın rəhbərlik etdiyi siyasi təşkilat parlamentdə ən çox səs qazanan partiya olub. Bundan sonra da məhz o, hökuməti formalaşdıracaq. Ancaq burada maraqlı bir məqam var. Belə ki, hakim partiyanın əsas məqsədi Konstitusiyaya əlavə və dəyişikliklər etməkdir. Məqsəd Türkiyəni parlamentli respublikadan prezident respublikasına gətirməkdir. Hesab edirəm ki, Ərdoğan bu məqsədi həyata keçirmək üçün müəyyən çətinliklərlə, qalmaqallarla rastlaşacaq. Çünki Ərdoğanın bunu etmək üçün parlamentdə yetəri qədər səs çoxluğu yoxdur. Lakin bütün bunlara baxmayaraq əminəm ki, Ərdoğan sonda öz məqsədinə çatacaq. Buna qəti şübhə etmirəm. Çünki neçə illərdir o, bu yolla gedir və bu yoldan da dönmək fikrində deyil."

Bütün xəbərlər Facebook səhifəmizdə