Ombudsman nümayəndələri müvəqqəti saxlanma təcridxanasına və polis bölmələrinə baş çəkiblər

Ombudsman nümayəndələri müvəqqəti saxlanma təcridxanasına və polis bölmələrinə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin yanında yaradılmış İşgəncələrlə bağlı Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri azadlığın tam və ya qismən məhdudlaşdırılması yerlərinə başçəkmələri davam etdirir. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, MPM qrupunun üzvləri Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasına (MST), həmin RPİ-nin 1-ci və 3-cü polis bölmələrinə başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd əvvəlki səfərlər zamanı verilmiş tövsiyələrin icra edilməsi vəziyyətinin yoxlanması, orada saxlanılan şəxslərin təklikdə qəbul edilməsi, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanışlıqdan ibarət olub.

Xəzər RPİ-nin MST-də saxlanılan doqquz nəfər şübhəli və ya təqsirləndirilən şəxslə söhbət zamanı onlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər. Həmin şəxslər MST-də gün ərzində üç dəfə dövlət hesabına yeməklə təmin edildiklərini, hər gün bir saatadək gəzinti hüquqlarından istifadə etdiklərini, zərurət olduqda həkim çağırıldığını, qohumlarına və yaxınlarına tutulmaları ilə bağlı vaxtında məlumat verildiyini bildiriblər.

Qeyd edilməlidir ki, 2010-cu ilin sonunda MST-yə həyata keçirilmiş başçəkmə zamanı kameralarda çarpayıların sayına uyğun kətillərin və istirahət üçün şəraitin olmadığı aşkarlanmış və bu barədə DİN-nə müraciət edilib. MST-yə son başçəkmə zamanı artıq bu məsələnin həll olunduğu müəyyənləşdirilib.

Ümumilikdə başçəkmə nəticəsində MST-nin müasir standartlara cavab verdiyi qənaətinə gəlinmiş, vəziyyət qənaətbəxş qiymətləndirilib.

Eyni zamanda Xəzər RPİ-nin Pirallahı qəsəbəsində yerləşən 3-cü polis bölməsinə baxış zamanı aşkar olunmuş pozuntuların aradan qaldırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə