Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda informasiya cəmiyyəti qurulması prioritet istiqamətlərdəndir. Cəmiyyətin məlumatlandırılması mühüm demokratik proses kimi önəmlidir və respublikamızda həmin sahədə ardıcıl tədbirlər həyata keçirilir. SİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 7 iyun 2011-ci il tarixdə keçirdiyi "İnformasiya əldə etmək azadlığı" mövzusuna həsr olunmuş növbəti məsləhətləşmədə səslənib. İnformasiya sahibləri olan 32 dövlət orqanının mətbuat xidmətləri rəhbərlərinin və digər müvafiq strukturları təmsilçilərinin iştirak etdiyi tədbirdə müvəkkilə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, məlumat almaq hüququnun qanunvericilik əsasları, qanunun gerçəkləşdirilməsi prosesində dövlət qurumlarının rolu müzakirə olunub.
E.Süleymanova növbəti məsləhətləşmənin məqsəd və məramını açıqlamış, iştirakçıları fəal müzakirələrə dəvət edib. Müvəkkil ölkə Konstitusiyasında təsbit olunmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı olduğunu vurğulamış, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun təkcə jurnalistlərə, KİV nümayəndələrinə deyil, eyni zamanda hər bir vətəndaşa şamil olunduğunu bildirib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "İnformasiya əldə etmək haqqında" Qanunda informasiya sahiblərinin üzərinə qoyulmuş vəzifələr və bununla bağlı "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun xüsusiyyətləri barədə danışıb.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri A.Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, KİV-lə və ictimaiyyətlə əməkdaşlığı, informasiya sorğularının cavablandırılması sahəsində təcrübəsi, nazirlikdə yaradılmış internet resursları, elektron portallar və sənəd dövriyyəsi, qaynar xətlər barədə məlumat verib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri B.Hüseynzadə informasiya sahibləri olan dövlət qurumlarına ictimai əhəmiyyətli sorğuların ünvanlanmasının, bu sorğuların obyektiv və operativ cavablandırılmasının zəruriliyini önə çəkib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri E.Poluxov təmsilçisi olduğu dövlət qurumunun Ombudsmanla səmərəli əməkdaşlıq əlaqələrini qeyd edib. O, nazirlikdə göstərilən informasiya xidməti ilə bağlı yaradılmış müvafiq struktur bölmələrinin fəaliyyəti barədə danışıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vügar Səlimov hər bir fərdin, o cümlədən KİV nümayəndələrinin informasiya almaq hüququna malik olduğunu söyləmiş, Ombudsmanın keçirdiyi silsilə məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. O, dövlət qurumları mətbuat xidmətlərinin dövlətlə KİV, habelə geniş ictimaiyyət arasında arasında əlaqələr yaratdığını diqqətə çatdırıb. O, informasiya sahibləri olan dövlət orqanlarının müvafiq informasiya strukturlarının işinin, həmçinin elektron resurslarının daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
İştirakçılar mövzu ilə bağlı fəal fikir mübadiləsi aparmış, təklif və mülahizələrini söyləyiblər.
Müvəkkil bir sıra səmərəli təkliflər səsləndirib.
Müvəkkil hər bir dövlət qurumunun adı çəkilən qanuna uyğun olaraq verilmiş hər hansı bir sorğunu mahiyyəti üzrə, vaxtında və tam cavablandırmasının zəruriliyini diqqətə çatdırıb.
Ombudsman belə məsləhətləşmələrin davamlı olacağını, növbəti tədbirin vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə keçiriləcəyini söyləyib.
E.Süleymanova məsləhətləşmələrin yekunu olaraq, təkliflərin ümumiləşdiriləcəyini və gələcək fəaliyyətdə nəzərə alınacağını vurğulayıb. Hər bir dövlət qurumunun informasiya təminatı ilə məşğul olan müvafiq struktur bölmələri, quruluşu, icraçıları haqqında məlumatların Ombudsman Aparatına göndərilməsinin zəruriliyi qeyd olunub.
İştirakçılar onlarla birgə müzakirələr apardığına görə Ombudsmana təşəkkürlərini bildiribşlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB