Fransalı həmsədr: “Hazırda münaqişənin həlli ilə bağlı baza prinsiplərinin qəbul olunmasının vaxtıdır”

Fransalı həmsədr: “Hazırda münaqişənin həlli ilə bağlı baza prinsiplərinin qəbul olunmasının vaxtıdır”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçiriləcək monitorinqi izləmək üçün cəbhə bölgəsinə gediblər. SİA-nın xəbərinə görə, Bərdədə jurnalistlərə açıqlama verən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proses fəallaşıb və tezliklə nəticələr gözləmək olar. Onun sözlərinə görə, Rusiya, ABŞ və Fransa tərəflərin yalnız sülh yolu ilə anlaşmasını dəstəkləyir.

Fransalı həmsədr Bernar Fasye isə bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatında qeyd olunduğu kimi, hazırda münaqişənin həlli ilə bağlı baza prinsiplərinin qəbul olunmasının vaxtıdır: \"Biz Azərbaycan prezidenti ilə görüşdük, Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr apardıq. Buradan Xankəndinə, oradan da İrəvana gedəcəyik və baza prinsiplərinin razılaşdırılması istiqamətində danışıqları davam etdirəcəyik".

Bernar Fasyenin sözlərinə görə, həmsədrlər Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsinin sülh yolu ilə həllində maraqlıdırlar, danışıqların fəallaşdırılmasını vacib sayırlar.

ABŞ-dan olan həmsədr Robert Bradtke son vaxtlar Azərbaycanla Ermənistan arasında müharibənin bərpa olunacağına dair tez-tez fikirlər səsləndiyini qeyd edib: "Minsk qrupunun məqsədi münaqişənin sülh yolu ilə həllidir və buna görə həmsədrlər münaqişə tərəflərinin nümayəndələrinin tez-tez görüşüməsini zəruri hesab edirlər. Biz Dağlıq Qarabağ probleminin yalnız və yalnız sülh yolu ilə həllinə tərəfdarıq. Bu münaqişə yalnız tərəflərin birgə əməkdaşlığı ilə sülhlə nəticələnəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə