İqlimədavamlı kənd təsərrüfatının formalaşdırılması yalnız fermerlərin səyləri ilə mümkün deyil -TAHİR RZAYEV
Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən tədbirin ikinci günündə deyib.
Deputat bildirib ki, qlobal iqlim dəyişiklikləri, su qıtlığı, torpaqların şorlaşması, eləcə də müharibə və münaqişələr kənd təsərrüfatının inkişafına ciddi təsir göstərir və bu sahədə fəaliyyət göstərən insanlar üçün əlavə çətinliklər yaradır.
Onun sözlərinə görə, mövcud reallıqlara uyğun aqrar siyasət yalnız istehsalın artırılmasına deyil, eyni zamanda sektorun dayanıqlılığının təmin edilməsinə və fermerlərin müxtəlif risklərdən qorunmasına yönəlməlidir. Bu isə öz növbəsində qanunvericilik bazasının mütəmadi olaraq yenilənməsini və təkmilləşdirilməsini tələb edir.
“Su və torpaq ehtiyatlarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, rəqəmsal kənd təsərrüfatının inkişafı, aqrar sığortanın genişləndirilməsi, innovasiyaların təşviqi və fermerlərin maliyyə resurslarına çıxışının təmin edilməsi üçün hüquqi bazanın formalaşdırılması və yenilənməsi bu günün əsas tələblərindəndir”, – deyə Tahir Rzayev qeyd edib.
Deputat vurğulayıb ki, iqlimədavamlı kənd təsərrüfatının formalaşdırılması yalnız fermerlərin səyləri ilə mümkün deyil.
“Bu prosesdə dövlət qurumları, parlament və hökumətlə yanaşı, kiçik və orta sahibkarların, qadınların və gənclərin də fəal iştirakı təmin edilməlidir. Beynəlxalq və yerli təcrübənin öyrənilməsi və uğurlu nümunələrin tətbiqi xüsusi əhəmiyyət daşıyır. İqlimədavamlı kənd təsərrüfatının mərkəzində fermer dayanır. Bizim əsas vəzifəmiz fermerlərin dəyişən iqlim şəraitinə uyğunlaşması üçün əlverişli mühit yaratmaq, qanunvericiliyi müasirləşdirmək, əlçatan maliyyə mexanizmlərini genişləndirmək, su və torpaq ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək və sağlam tərəfdaşlıq mühiti formalaşdırmaqdır”, – deyə deputat əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB