“Azərbaycan Prezidentinin G20 Liderlər Sammitinə dəvət olunması, əlbəttə, ölkəmizin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan G20-nin üzvü deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, dövlətimizin belə mühüm qlobal platformada iştiraka dəvət edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna verilən qiymət kimi qəbul olunmalıdır:
“Bu, təsadüfi və ya yalnız protokol xarakterli dəvət deyil. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan özünü etibarlı və sözünün çəkisi olan tərəfdaş kimi təsdiqləyib. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat və logistika, Şərq-Qərb və Şimal-Cənub bağlantıları, eləcə də regional sülh və əməkdaşlıq baxımından mühüm mövqeyə malikdir.
Azərbaycanın üstünlüklərindən biri də müxtəlif siyasi qütblərlə qarşılıqlı hörmət və maraqlar əsasında münasibətlər qura bilməsidir. Ölkəmiz öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığa açıq olduğunu dəfələrlə nümayiş etdirib. Məhz bu ardıcıl siyasət Azərbaycanın regional proseslərdə olduğu kimi, daha geniş beynəlxalq müstəvidə də mövqeyini gücləndirib.
Hesab edirəm ki, G20 Liderlər Sammitinə dəvət Azərbaycanın artıq təkcə regionda baş verən proseslərin iştirakçısı deyil, qlobal məsələlərin müzakirə olunduğu platformalarda mövqeyi maraq doğuran dövlət olduğunu bir daha göstərir. Bu, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl xarici siyasətin və Azərbaycanın qazandığı beynəlxalq etimadın məntiqi nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB