"Ermənistanın ərazi iddiaları sülh üçün aradan qaldırılmalıdır" - ŞƏRH EDİLDİ

"Ermənistanın ərazi iddiaları sülh üçün aradan qaldırılmalıdır" - ŞƏRH EDİLDİ

"Nikol Paşinyanın çağırışı, ümumiyyətlə, heç bir məntiqə sığmır. Nikol Paşinyanın bunu guya ermənilərin Qarabağa qayıdışına nöqtə qoymaq və azərbaycanlıların, yəni Qərbi azərbaycanlıların Ermənistana, öz ata-baba torpaqlarına qayıdışına da nöqtə qoymaq kimi təqdim etməsi, sözsüz ki, sağlam siyasi məntiqə sığmır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Birincisi, ermənilərdən fərqli olaraq, Azərbaycanın heç bir qanununda, heç bir dövlət aktında, sənədlərində, o cümlədən Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan heç vaxt belə bir iddia ilə çıxış etməyib. Amma Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazisinə qarşı, Azərbaycana qarşı ərazi iddiası var.

İkincisi, Azərbaycan Qarabağda erməniləri silah gücünə, zor gücünə, hansısa məcburi yolla yola salmayıb. Hətta Azərbaycan bu gün də həmin sözü, beynəlxalq aləmdə dəfələrlə ifadə etdiyi mövqeni bildirir ki, Azərbaycan vətəndaşlığına qəbul olunan ermənilər Azərbaycan qanunlarına, Azərbaycan Konstitusiyasına tabe olmaq şərtilə ölkədə yaşaya bilərlər.

Ermənistanda isə belə bir çağırış yoxdur ki, öz qədim-müqəddəs torpaqlarından qovulmuş, didərgin salınmış, yüz minlərlə insanın yaşadığı ərazilərdən qovulmuş Qərbi azərbaycanlılar Ermənistanda qəbul edilsin və gəlib orada yaşaya bilsinlər. Ermənistanın belə bir mövqeyi yoxdur. Ümumiyyətlə, bunlar tamamilə fərqli məsələlərdir və bunu eyniləşdirmək heç bir siyasi məntiqə sığmır.

Azərbaycan Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıdışını yalnız dinc yolla, Ermənistan qanunlarına və Ermənistanın suverenliyinə hörmət etməklə həyata keçirməyi nəzərdə tutur. Onların öz torpaqlarına dönmək hüquqları var. Ona görə də deyirəm ki, bu iki məsələni müqayisə etmək ümumiyyətlə məntiqə sığmır. Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıdışı onların hüququdur və bu hüquq təmin edilməlidir.

Sözsüz ki, Ermənistan tərəfindən bu proses təhlükə kimi qəbul edilə bilər. Amma bu, təhlükə deyil. Ermənistan üçün sülh prosesinə ən böyük təhlükə onun bu günə qədər Konstitusiyasının dəyişdirilməsi ilə bağlı real addım atmamasıdır. Ermənistanla sülhün bağlanması üçün əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır. Bu isə hələlik həyata keçirilməyib.

Paşinyan siyasi iradə göstərərək vaxtı uzadır. Yəni sülh müqaviləsinin bağlanmasının ən böyük əngəllərindən biri də budur. Paşinyan və Ermənistan xalqı qərar qəbul etməlidir. Ermənistan cəmiyyəti də bilməlidir ki, sülh olacaqmı, bu proses nə qədər uzanacaq və gələcəkdə hansı istiqamətdə inkişaf edəcək.

Yeni siyasi şərt kimi bu məsələ ortaya çıxa bilərmi? Bilirsiniz, Ermənistanın Konstitusiyasını Paşinyan hələ dəyişə bilmir və ya dəyişmək istəmir. Hələ də Ermənistan dövləti bununla bağlı real addım atmayıb. Ermənistan cəmiyyəti də bu məsələnin nəticələrinin necə olacağını tam şəkildə görmədiyinə görə, təbii ki, Ermənistan bu faktordan siyasi məqsədlər üçün istifadə edə bilər.

Bizi ermənilərdən və Ermənistandan gələn müxtəlif təhriklərdən daha çox narahat edən də budur. Onlar istənilən bəhanəni tapa və bundan istifadə edə bilərlər.

Yenə deyirəm, nə Azərbaycan-Ermənistan arasında aparılan danışıqlarda, nə Azərbaycan-Ermənistan arasında paraflanan sülh müqaviləsində, nə də Amerikada imzalanan bəyanatda Ermənistan tərəfindən belə bir şərt qoyulmayıb. Ona görə də bunu ictimai ritorika üçün istifadə edə bilər və belə bir şərt irəli sürə bilər ki, Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarına qayıtmaq, xüsusilə də dinc yolla qayıtmaq iddiasından əl çəksinlər.

Sülhün davamlı olması və geri dönməz xarakter daşıması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mütləq bağlanması lazımdır. Mən inanmıram ki, yenidən bir müharibə ola bilər. Çünki belə bir müharibənin ən ağır nəticəsi Ermənistan dövlətinin özünün itirilməsi, Ermənistan dövlətinin tamamilə tarixdən silinməsi ola bilər.

Ona görə də sülh müqaviləsinin bağlanması və sülhün təmin olunması, təbii ki, qarşısıalınmaz, qaçılmaz bir prosesdir. Amma bu nə qədər tez baş verərsə, o qədər yaxşı, o qədər rahat olar. Əsasən də Ermənistan üçün və bütövlükdə region üçün.

İndi qalan məsələlər artıq Paşinyanın siyasi qərarlarından və Ermənistanın gələcəkdə hansı addımları atacağından asılıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə