"Regional sabitlik Azərbaycan-Rusiya dialoqunun qorunmasını tələb edir" - POLİTOLOQ
"Son dövrdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycan-Rusiya münasibətlərini də yeni mərhələyə çıxarıb". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
.jpg)
Onun sözlərinə görə, bu münasibətlərin gələcəyi artıq yalnız ikitərəfli siyasi dialoqla deyil, regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya marşrutları, enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və humanitar əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyi ilə müəyyən olunur:
"Azərbaycan müstəqil xarici siyasət kursu yürüdən, milli maraqlarını və suverenliyini prioritet hesab edən dövlətdir. Bu baxımdan Bakı üçün Rusiya ilə münasibətlərin inkişafı yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə əsaslandığı təqdirdə uzunmüddətli və dayanıqlı ola bilər.
İqtisadi müstəvidə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, ticarət dövriyyəsinin genişləndirilməsi, logistika, sənaye kooperasiyası və enerji layihələri iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Mədəni və humanitar əlaqələr də xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, münasibətlərə təsir göstərən ən vacib amillərdən biri Rusiyada yaşayan iki milyondan artıq azərbaycanlıdır. Bu diaspor onilliklər ərzində iki ölkə arasında iqtisadi, sosial və humanitar körpü rolunu oynayıb. Lakin etiraf edilməlidir ki, müxtəlif dövrlərdə bu amil Moskvanın siyasi təsir rıçaqlarından biri kimi də qiymətləndirilib və münasibətlərin həssas komponentinə çevrilib.
Digər mühüm məqam isə Rusiya daxilində son illər millətçi və radikal baxışlara malik müəyyən qrupların fəallaşmasıdır. Həmin dairələrin ritorikasında Mərkəzi Asiya və Cənubi Qafqaz mənşəli miqrantlar və diaspor nümayəndələri, o cümlədən azərbaycanlılar zaman-zaman hədəfə çevrilirlər. Belə meyillər yalnız ölkədaxili ictimai sabitliyə deyil, həm də Rusiyanın keçmiş postsovet ölkələri ilə münasibətlərinə mənfi psixoloji və siyasi fon yaradır.
Bundan başqa, Rusiya daxilində keçmiş SSRİ məkanındakı dövlətlərlə münasibətlərin gərginləşməsində maraqlı olan müəyyən siyasi və ideoloji qrupların mövcudluğu da müşahidə olunur. Bu dairələrin sərt ritorikası, ksenofob çağırışları və xarici siyasətə təsir göstərməyə yönəlmiş təşəbbüsləri bəzən dövlətlərarası münasibətlərdə əlavə gərginlik yaradan amillərdən birinə çevrilir. Belə yanaşmalar nə Rusiyanın uzunmüddətli milli maraqlarına, nə də regionda sabitliyin qorunmasına xidmət edir.
Məhz buna görə də Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi emosional və ya ideoloji yanaşmalarla deyil, praqmatik maraqlar, qarşılıqlı fayda, beynəlxalq hüquq normaları və qarşılıqlı etimad əsasında formalaşdırılmalıdır. Regionun yeni geosiyasi reallığında hər iki ölkənin qarşısında duran əsas vəzifə mövcud fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll etmək, iqtisadi əməkdaşlığı genişləndirmək və xalqlar arasında etimadı sarsıda biləcək təxribat xarakterli meyillərə imkan verməməkdir. Yalnız bu halda Azərbaycan-Rusiya münasibətləri sabit, proqnozlaşdırıla bilən və qarşılıqlı maraqlara cavab verən məcrada inkişaf edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB