Azərbaycan ilə Türkmənistan arasında münasibətlər ortaq tarixi köklər, etnik-mədəni yaxınlıq və qarşılıqlı hörmət prinsipləri üzərində formalaşıb. Müasir beynəlxalq münasibətlər sistemində siyasi etimad və qarşılıqlı dəstək dövlətlərarası əməkdaşlığın əsas şərtlərindəndir. Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq məhz bu prinsiplərə əsaslanır və münasibətlərin gələcək inkişafı üçün etibarlı zəmin yaradır.
Cari ilin 22 iyun tarixində Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfərinə gəlib. Səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, dövlət başçılarının iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib və dövlətlər arasında bir sıra sənədlərin mübadiləsi olub.
Daha sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Dövlət başçımızın mətbuata verdiyi bəyanatlar göstərir ki, iki qardaş ölkə münasibətlərini yalnız dostluq çərçivəsində deyil, həm də regional və beynəlxalq əhəmiyyət daşıyan strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirmək niyyətindədir.
Prezident İlham Əliyevin Qarabağın bərpasında göstərilən köməyə görə Türkmənistan rəhbərliyinə təşəkkür etməsi iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm göstəricisidir. Xüsusilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Füzuli şəhərində məscid tikintisi təşəbbüsü mənəvi həmrəyliyin və tarixi bağlılığın təzahürüdür.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesinə dost ölkələrin dəstəyinin cəlb olunması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Türkmənistanın bu prosesdə iştirakı isə türk dünyasının həmrəyliyinin konkret nümunəsidir.
Azərbaycan və Türkmənistan münasibətlərinin mühüm istiqamətlərindən biri də mədəni-humanitar əməkdaşlıqdır. Aşqabad və Arkadağ şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri, eləcə də Bakıda və Gəncədə təşkil olunan Türkmənistan Mədəniyyəti Günləri xalqlar arasında qarşılıqlı yaxınlaşmaya xidmət edir.
Bakı və Aşqabad, Arkadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması əməkdaşlığın yalnız dövlətlər səviyyəsində deyil, şəhərlər və cəmiyyətlər arasında da inkişaf etdiyini göstərir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına Türkmənistanın dəstəyi regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, tarixi, mədəni və iqtisadi əlaqələr ölkəmizi bu məkanın ayrılmaz tərəfdaşına çevirir. Orta Dəhliz layihəsi, Xəzər hövzəsində əməkdaşlıq və nəqliyyat marşrutlarının inkişafı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əsas körpülərdən birinə çevirir.
Bu baxımdan, Bakı ilə Aşqabad arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlər deyil, bütövlükdə Böyük Mərkəzi Asiya konsepsiyasının formalaşmasına töhfə verir.
Müasir dövrdə nəqliyyat marşrutları və logistika imkanları dövlətlərin geosiyasi çəkisini müəyyən edən əsas amillərdən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi etimad olmadan nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi mümkün deyil.
Azərbaycan və Türkmənistan Xəzər dənizi vasitəsilə Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçılarıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutları və regional logistika layihələri iki ölkənin əməkdaşlığını strateji xarakterə çevirir.
Yükdaşımaların artırılması, üçüncü ölkələrin tranzit potensialının cəlb edilməsi və nəqliyyat infrastrukturunun əlaqələndirilməsi həm regional iqtisadi inteqrasiyanı sürətləndirir, həm də Avrasiya məkanında yeni geoiqtisadi imkanlar yaradır.
Azərbaycan və Türkmənistan zəngin enerji resurslarına malik dövlətlərdir. Xəzər hövzəsində enerji əməkdaşlığının genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına cavab verir.
Enerji sektorunda qarşılıqlı fəaliyyət, alternativ ixrac marşrutlarının inkişafı və yeni layihələrin həyata keçirilməsi regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu əməkdaşlıq həm də Avropa və Asiya bazarları üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Türkmənistanın beynəlxalq səviyyədə tanınan neytrallıq siyasətini daim dəstəkləyən ölkələrdən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkmənistanın beynəlxalq nüfuzu və sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın bu siyasətə dəstəyi iki ölkə arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan–Türkmənistan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Siyasi dialoq, nəqliyyat-logistika əməkdaşlığı, enerji təhlükəsizliyi, mədəni-humanitar əlaqələr və regional inteqrasiya istiqamətlərində əldə olunan razılaşmalar gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Bu münasibətlər yalnız iki qardaş dövlətin milli maraqlarına xidmət etmir, eyni zamanda türk dünyasının birliyinin möhkəmlənməsinə, Xəzər regionunda sabitliyin təmin olunmasına və Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB