Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ: Sərdar Berdiməhəmmədovun Bakı səfərinin əhəmiyyəti - MƏQALƏ

Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ: Sərdar Berdiməhəmmədovun Bakı səfərinin əhəmiyyəti - MƏQALƏ

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatı Bakı ilə Aşqabad arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayaraq, bu amillərin dövlətlərarası münasibətlərin etibarlı təməlini təşkil etdiyini qeyd etdi. Dövlət başçısının sözləri ilə desək, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsipləri üzərində qurulub. Bu isə regionda nümunəvi əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.
Səfər zamanı diqqət çəkən əsas məqamlardan biri iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı verilən mesajlar oldu. Prezident İlham Əliyev Azərbaycanın və Türkmənistanın Avrasiya məkanında mühüm tranzit ölkələri olduğunu bildirərək nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyətini xüsusi vurğuladı. Bu gün Orta Dəhlizin inkişafı fonunda Xəzərin hər iki sahilində yerləşən ölkələrin koordinasiyalı fəaliyyəti beynəlxalq yükdaşımaların həcminin artmasına və yeni iqtisadi imkanların yaranmasına xidmət edir.
Bəyanatda enerji əməkdaşlığı da mühüm yer tutdu. Azərbaycan və Türkmənistan zəngin enerji resurslarına malik olmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayırlar. Son illərdə enerji sahəsində əldə olunan razılaşmalar və Xəzər dənizində birgə əməkdaşlıq təcrübəsi göstərir ki, iki ölkə bu istiqamətdə də strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək niyyətindədir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam humanitar əlaqələrin inkişafı ilə bağlı idi. Təhsil, mədəniyyət, elm və gənclər sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Bu amil siyasi və iqtisadi əlaqələrin dayanıqlığını artıran vacib faktor kimi çıxış edir.
Sərdar Berdiməhəmmədovun Bakı səfəri bir daha sübut etdi ki, Azərbaycan-Türkmənistan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirilən fikirlər göstərir ki, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq bundan sonra da yeni məzmunla zənginləşəcək, hər iki ölkənin milli maraqlarına və bütövlükdə regionun rifahına xidmət edəcək.
Bu səfər Azərbaycanın Türk dünyasında birləşdirici rolunun, Türkmənistanın isə regionda etibarlı tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini nümayiş etdirdi. İki dövlət arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə daha böyük uğurların əldə olunacağına əminlik yaradır.

Deputat Jalə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə