“Bu sahədə yetişən mütəxəssislər cəmiyyətimizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir” - AQİL ŞİRİNOV
“Xoşbəxtik ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları artıq ölkəmizin müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində, dini icmalarında və digər sahələrdə öz peşələri üzrə fəaliyyət göstərir, cəmiyyətimizə faydalı və nümunəvi vətəndaşlar kimi tanınırlar. Onların əldə etdikləri uğurlar bir daha sübut edir ki, institutun qarşısına qoyduğu məqsədlər özünü doğruldur və burada verilən təhsil ölkəmizin ehtiyaclarına cavab verir”.
SİA xəbər verir ki , bu sözləri Aİİ-nin rektoru Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günündə deyib.
Onun sözlərinə görə, institut yaradılarkən bir çox insanlarda belə bir sual var idi ki, ilahiyyat təhsili alan məzunlar gələcəkdə nə dərəcədə faydalı ola biləcəklər:
” Bu, müəyyən mənada təbii yanaşma idi. Çünki ilahiyyat sahəsi yalnız dini biliklərin öyrədilməsi ilə məhdudlaşmır, eyni zamanda böyük mənəvi və ictimai məsuliyyət tələb edir. Lakin ötən illər göstərdi ki, bu sahədə yetişən mütəxəssislər cəmiyyətimizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək öz bilik və bacarıqlarını xalqın və dövlətin xidmətinə yönəldirlər.
Bu gün dünyanın istənilən ölkəsində xarici dilləri bilən, müxtəlif peşələr üzrə ixtisaslaşmış mütəxəssislər tapmaq mümkündür. Ancaq milli-mənəvi dəyərləri dərindən bilən, dini biliklərlə yanaşı dövlətçilik düşüncəsinə malik olan, Azərbaycan reallıqlarını, cəmiyyətimizin xüsusiyyətlərini və milli maraqlarını anlayan kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti mühüm strateji əhəmiyyət kəsb edir. Burada yetişən məzunlar yalnız dini biliklərə sahib mütəxəssis kimi deyil, həm də vətəninə bağlı, dövlətinə sədaqətli, milli maraqları hər şeydən üstün tutan ziyalılar kimi formalaşırlar.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, qloballaşma prosesləri və müxtəlif ideoloji təsirlər cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Belə bir şəraitdə sağlam dini düşüncənin formalaşdırılması, radikal və zərərli ideologiyalara qarşı maarifləndirmə işinin aparılması, milli-mənəvi dəyərlərin qorunması və təbliği xüsusi əhəmiyyət daşıyır. Bu missiyanın həyata keçirilməsində ilahiyyat təhsili almış mütəxəssislərin rolu əvəzsizdir.
Qeyd etdiyim kimi, dünyanın bir çox ölkələrində ilahiyyat fakültələri və dini təhsil müəssisələri fəaliyyət göstərir. Xüsusilə islam ölkələrində bu istiqamətdə fəaliyyət göstərən ali təhsil ocaqları cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır. Azərbaycan da bu sahədə özünəməxsus model formalaşdırıb. Bu model milli dəyərlərlə müasir təhsilin, dini biliklərlə vətəndaşlıq məsuliyyətinin, mənəvi irslə dövlətçilik ənənələrinin vəhdətinə əsaslanır.
Əminliklə deyə bilərik ki, Azərbaycan İlahiyyat İnstitutu artıq ölkəmizin elmi, təhsil və mənəvi həyatında öz layiqli yerini tutub. Bu təhsil ocağının məzunları gələcəkdə də cəmiyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, dini maarifçiliyin gücləndirilməsinə və dövlətçiliyimizin möhkəmləndirilməsinə mühüm töhfələr verməyə davam edəcəklər. Biz onların uğurları ilə qürur duyur, gələcək fəaliyyətlərində hər birinə yeni nailiyyətlər arzulayırıq.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB