“Bəzi ölkələrdə əhalinin təxminən 55 faizi köhnə yaşayış fondlarında yaşayır“

“Bu, ekoloji siyasət, enerji sistemləri və iqtisadi dayanıqlıqla sıx şəkildə bağlıdır. Şəhərlər təkcə inkişaf mərkəzləri deyil, həm də təhlükəsiz və kritik infrastruktur sistemləridir. Biz bu sahədə təcrübəmizi bölüşməyə və şəhər dayanıqlılığı sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verən təşəbbüsləri dəstəkləməyə hazırıq”.
SİA xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

Tomaş Taraba qeyd edib ki, bu gün dayanıqlılıq anlayışı iqlim dəyişikliyinə uyğunlaşma ilə məhdudlaşmır və daha geniş məna daşıyır.

Onun sözlərinə görə, dünya üzrə getdikcə daha çox şəhər hərbi münaqişələrin nəticələri ilə üzləşir: şəhər infrastrukturu zədələnir və ya məhv edilir, əsas xidmətlər pozulur, insanlar isə öz evlərini tərk etməyə məcbur qalır.

Bu səbəbdən yalnız dağıdılmış evlərin bərpası deyil, həm də onların uzunmüddətli perspektivdə dayanıqlı şəkildə yenidən qurulması vacibdir. Onun qeyd etdiyi kimi, bəzi ölkələrdə əhalinin təxminən 55 faizi köhnə yaşayış fondlarında yaşayır və bu evlərin modernləşdirilməsinə ciddi ehtiyac var.

Aşağı gəlirli ailələrin bu prosesdə dövlət dəstəyinə ehtiyacı olduğu vurğulanır. Eyni zamanda, bu gün bir çox ölkənin qarşısında duran əsas çağırışlardan biri enerji səmərəliliyinin təmin edilməsidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə