“Mənzil böhranı qlobal miqyasda ən ciddi çağırışlardan biridir” - Keniya Prezidenti

2002-ci ildə Dünya Şəhərsalma Forumu Keniyanın Nayrobi şəhərində keçirilib. Ötən ay isə yenidən Nayrobidə Afrika Şəhərsalma Forumu baş tutub, bu gün isə Bakıda WUF13 çərçivəsində Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçirilir.

SİA xəbər verir ki, bu sözləri Keniya Prezidenti Vilyam Ruto Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

Prezident Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinə görə ölkə rəhbərliyinə təşəkkür edib. O bildirib ki, forumun əsas gündəliyində dünya üzrə artan mənzil problemi dayanır.

Ruto qeyd edib ki, hazırda dünyada təxminən 3 milyard insan qeyri-kafi yaşayış şəraitində, 1 milyard insan gecəqondularda, 300 milyon insan isə evsiz yaşayır.

Onun sözlərinə görə, bu rəqəmlər sadəcə statistika deyil, real insanların həyatını ifadə edir və mənzil hüququnun təmin olunması beynəlxalq səviyyədə ciddi çağırış olaraq qalır.

Keniya Prezidenti ölkəsində mövcud vəziyyətdən də danışaraq bildirib ki, 1100 qeyri-rəsmi yaşayış məntəqəsində təxminən 7 milyon insan yaşayır və bu vəziyyət davam edə bilməz.

Ruto əlavə edib ki, Keniya hökuməti mənzil təminatını inkişaf strategiyasının əsas prioritetlərindən birinə çevirib və bu istiqamətdə üç əsas problem — torpaq çatışmazlığı, tikinti xərcləri və maliyyələşmə məsələləri üzərində işləyir.

Onun sözlərinə görə, dövlət torpaqlarının mənzil tikintisi üçün istifadəyə verilməsi və tikinti xərclərinin optimallaşdırılması artıq nəticələr verməyə başlayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə