”TDT daxilində siyasi etimadın artması təşkilatın nüfuzunu gücləndirir” -DEPUTAT DANIŞDI
“Türk dünyasının mənəvi paytaxtı hesab olunan qədim Türküstan şəhərində keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü inteqrasiyanın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Zirvə görüşü zamanı səsləndirilən strateji təşəbbüslər təşkilatın beynəlxalq siyasət və iqtisadiyyatda artan təsirə malik mühüm geosiyasi birliyə çevrilmək potensialını göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, görüşdə dövlət başçıları ortaq maraqlar barədə daha konkret və praqmatik mövqe sərgilədilər:
”Nəqliyyat və logistika, rəqəmsal texnologiya, enerji və süni intellekt sahələrində əməkdaşlığa xüsusi diqqət yetirildi. Bu, mövcud qlobal dəyişikliklərdə türk dövlətlərinin əlaqələrini gücləndirmək zərurətindən irəli gəlir.
Prezident İlham Əliyev tərəfindən zirvə görüşündə qaldırılan məsələlər təşkilatın gələcək inkişaf istiqamətini müəyyən etdi. Xüsusilə, Orta Dəhlizin əhəmiyyəti ilə bağlı fikirlər mövcud geosiyasi vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir. Avropa və Asiya arasında ticarət yollarının yenidən formalaşması türk dövlətlərinə strateji üstünlük verir. Bu istiqamətdə Azərbaycan və Qazaxıstan əsas tranzit mərkəzlərinə çevrilir.
Zirvə görüşünün əsas prioritetlərindən biri də rəqəmsal inteqrasiya məsələsi idi. Türk dövlətləri də texnoloji müstəqilliyə və rəqəmsal təhlükəsizliyə üstünlük verir. Ortaq rəqəmsal platformalar gələcəkdə iqtisadi inteqrasiyanı daha da gücləndirəcək. Cənab Prezidentin də söylədiyi kimi, “Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.”
Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik kabel layihəsi bunun bariz nümunəsidir.
Görüş zamanı mədəni və humanitar əməkdaşlıq məsələləri də diqqətdən kənarda qalmayıb. Türk xalqlarının ortaq tarixi irsinin qorunmasına, elm və təhsil sahəsində əlaqələrin inkişafına və gənclər arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslər təşkilatın ideoloji və mənəvi təməllərini gücləndirəcək. Zirvə görüşünün Türküstanda keçirilməsinin isə rəmzi mənası var. Bu, Türk sivilizasiyasının tarixi köklərinin müasir inteqrasiya prosesləri ilə birləşməsinin göstəricisidir.
Qeyri-rəsmi sammitin digər vacib aspekti təşkilat daxilində siyasi etimad səviyyəsinin artmasıdır. Bu, həm də təşkilatın beynəlxalq arenada nüfuzunu gücləndirir.
Türküstanda keçirilən görüşdən də göründüyü kimi, türk dövlətləri hazırda yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmayaraq ortaq geosiyasi və iqtisadi məkan yaratmağa çalışırlar. Azərbaycan isə bu prosesin təşəbbüskarlarından biri olaraq təşkilatın institusional və strateji inkişafına əhəmiyyətli töhfələr verməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB