“31 Mart soyqırımı Azərbaycan xalqının tarixində yaşadığı ağır itkilərin simvoludur” - ŞƏRH

"Azərbaycan xalqı uzun illər çox böyük və məşəqqətli zamanlardan keçmişdir və onlardan ən acınacaqlılarından biri 31 Mart hadisələridir. 31 mart və aprel ayının əvvəllərində erməni daşnak dəstələri bolşeviklərlə birləşərək Bakıda və bir neçə rayonda soyqırımlar törətmişlər. Azərbaycan xalqına divan tutulmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, proseslərə nəzər yetirəndə mart və aprel soyqırımlarında ermənilər dünyada misli görünməmiş vəhşi əməllər törətmiş, insan beyninə sığmayan, qəbul etmək istəmədiyi hadisələr Azərbaycan xalqının başına gətirilmişdir:

"Həmin dövrdə Bakıda olan bir alman vətəndaşı gördüklərini qələmə almışdır və onun xatirələrində yer alan hadisələr insanın qanını dondurur. O yazır ki, ermənilər heç nəyə məhəl qoymadan məscidlərdə namaz qılan insanları süngüdən keçirir, evlərə girərək onları yandırır, insanları amansızcasına qətlə yetirir, hətta qadın və qızlara qarşı qeyri-insani hərəkətlər edirdilər. Bütün bu hadisələr Azərbaycanda olmayan bir insanın gördüklərinin təsviridir. Hətta Azərbaycanın digər bölgələrində — Şamaxıda 58, Qubada isə 100-dən yuxarı kənd tamamilə məhv edilmiş, insanlar qətlə yetirilmişdir. Bu vandallar misli görünməmiş soyqırıma əl ataraq Azərbaycan xalqına divan tutmuşdurlar. Həmin dövrdə informasiyanın toplanması və geniş yayılması mümkün deyildi və Azərbaycan insanının səsi dünyaya çatmırdı. Hadisələr yalnız ayrı-ayrı şahidlərin gördükləri və eşitdikləri əsasında qələmə alınmışdır. Biz düşünürük ki, artıq bu hadisələri unutmadan, 31 mart soyqırımı ilə bağlı tarixi mütləq faktlaşdırmalı, daha çox kitablar yazılmalı, filmlər çəkilməlidir. Böyüməkdə olan gənc nəsil bu hadisələri unutmamalı və onlardan dərs çıxarmalıdır.

1998-ci il 26 mart tarixində Ulu öndər Heydər Əliyevin fərmanı ilə bu hadisələrə siyasi qiymət verilmiş və həmin fərmana əsasən 31 mart Azərbaycanlıların soyqırımı günü kimi rəsmiləşdirilmişdir. Artıq biz bu soyqırım hadisələrini dünyaya olduğu kimi çatdırmaq üçün müvafiq işlər görür və bu sahədə mühüm uğurlar əldə edirik. Bir çox sənədlər toplanmış, materiallar kitab halına salınmış, əsərlər yazılmış, sənədli filmlər çəkilmişdir və bu işlər davam etdirilməlidir. Ulu öndər Heydər Əliyev bu məsələyə siyasi qiymət verməklə Azərbaycanın hansı ağır və ağrılı dövrlərdən keçdiyini də rəsmən qeyd etmişdir. Biz bütün bu ağrı-acılardan sınmadıq, ruhdan düşmədik, əksinə gücləndik və toparlandıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz həm Aprel döyüşlərində, həm də 2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsində böyük tarixi zəfər qazandı. Biz dünyada tayı-bərabəri olmayan böyük bir qələbə qazanan xalq olduq. Bu gün Azərbaycan Respublikası dünyanın ən güclü dövlətləri sırasında öz layiqli yerini tutur və Azərbaycan xalqı dünyanın ən qürurlu, ən müzəffər xalqlarından biri kimi yaşayır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə