"Həqiqətən, bu panelin səslənən adı olduqca simvolik və mənalıdır. Keçid dövründə olan dünyada düşüncə fərqləri getdikcə artır. Əvvəllər bu fikir ayrılıqları daha çox ideoloji əsaslara söykənirdi - məsələn, sosialist və liberal baxışlar arasında fərqlər mövcud idi. Lakin hazırkı dövrdə bu fərqlər daha da genişlənib".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Bu gün dünyada dini, ideoloji, etnik və digər müxtəlif əsaslara söykənən fikir ayrılıqları mövcuddur və onlar gündən-günə artmaqdadır. Əslində, dünyadakı bir çox münaqişələrin təməlində məhz bu fikir ayrılıqları dayanır. Bununla yanaşı, ən geniş yayılmış mübahisələrdən biri də torpaq mübahisələridir.
Cənab Prezidentin belə bir tədbirin açılış mərasimində çıxış etməsi olduqca simvolikdir. Azərbaycan özü də bu problemlərlə üzləşmiş bir ölkədir. Ermənistanla uzun illər ərzində ciddi fikir ayrılıqlarımız olub və bu gün də müəyyən fikir fərqləri qalmaqdadır. Lakin buna baxmayaraq, ortaq məxrəz tapmağın mümkün olduğu müşahidə olunur. Dövlətlərarası fikir ayrılıqlarının aradan qaldırılması üçün ikitərəfli görüşlərin keçirilməsi olduqca vacibdir.
Cənab Prezident İlham Əliyev dəfələrlə müxtəlif platformalarda çıxışlarında vurğulayıb ki, vasitəçilərin iştirakı və kənar müdaxilələr münaqişələrin həllində ən böyük maneələrdən biridir. Təcrübə göstərdi ki, vasitəçilərin aradan çəkilməsi və birbaşa dialoq şəraitində Azərbaycan və Ermənistan arasında uzun illərdən sonra razılığa gəlmək mümkün oldu. Bu, həqiqətən də tarixi bir hadisədir. Artıq sülh sazişinin mətninin paraflandığı məlumdur. Bu isə o deməkdir ki, əsas məsələlər üzrə razılıq əldə olunub və qalan bəzi texniki məqamlar həll edildikdən sonra sazişin imzalanması mümkündür.
Bütün bunlar vaxtilə səsləndirilən fikirlərin nə dərəcədə doğru olduğunu bir daha göstərir. Dünyada və dövlətlər arasında fikir ayrılıqları hər zaman olacaq. Əsas məsələ bu fərqlərin mövcudluğu deyil, onların necə həll olunmasıdır. Dialoq, qarşılıqlı kompromislər, güzəştlər və etimad mühitinin yaradılması həlledici rol oynayır.
Hesab edirəm ki, qarşıda bizi daha böyük çağırışlar gözləyir. Bu çağırışlar fonunda da müxtəlif fikir ayrılıqları olacaq. Amma əsas məsələ onların düzgün idarə olunması və ortaq məxrəz tapılması yollarının müəyyən edilməsidir. Cənab Prezidentin çıxışlarında da bu məqamlar xüsusi vurğulanır və səsləndirilən fikirlər gələcək tendensiyalar barədə bizə aydın təsəvvür yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB